Fədail Rəhimov: "Məktəbli formalarının qiymət artımının olması barədə məlumat doğru deyil" Fədail Rəhimov: "Məktəbli formalarının qiymət artımının olması barədə məlumat doğru deyil"

Bakı Tikiş Evi təkzib etdi

Fədail Rəhimov: "Məktəbli formalarının qiymət artımının olması barədə məlumat doğru deyil"



Bakı Tikiş Evi (BTE) məktəbli formalarının bahalaşması ilə bağlı yayılan məlumatlara münasibət açıqlayıb. BTE-nin direktoru Fədail Rəhimov APA-ya deyib ki, Bakı Tikiş Evinin mağazalarında qiymət artımının olması barədə məlumat doğru deyil: "BTE-nin bütün mağazalarında 10 qəpik olsa belə, qiymət artımı ola bilməz. Hansı dükanda qiymət artımı ilə bağlı məlumatlar varsa, bizim "qaynar xətt"ə - 597 45 39 nömrəsinə zəng edə bilərlər.

Bu söhbətlərin yayılmasının səbəbi nədir? Müxtəlif yerlərdə saxta malları BTE-nin malları adı altında satırlar. Əvvəl bu malları 5-10 manat ucuz qoyurdular. İndi görürlər ki, camaat bu malların saxta olduğundan şübhələnir, bir az da qiymətini artırırlar. BTE-nin özündə 26-38 ölçüdə məktəbli kostyumu 30 manatadır. Tək-tək alanda, şalvar 10 manat, pencək 20 manat, köynək 5 manat, sviter isə 5 manatdır. Bununla da, həmin ölçüdə məktəbli dəstlərinin qiyməti 40 manat olur. Bütün dükanlarda bu qiymətlər yazılı şəkildə divarlara vurulub.

40-46 ölçüdə olan məktəbli kostyumu 35, köynək 5, sviter 5 manatdır. Məktəbli dəstinin ümumi qiyməti 45 manata çıxır. VII-XI siniflər üçün isə 50 ölçüyə qədər məktəbli kostyumu 40 manat, köynək 7 manat, sviter isə 6 manatdır. Dəstin ümumi qiyməti 53 manat başa gəlir. Biz bununla əlaqədar bütün əlaqədar dövlət qurumlarına müraciət eləmişik. Təəssüf ki, hər yeri saxta mallarla doldurublar".

BTE-nin məktəbli geyimlərinin ucuzlaşdırılması ehtimalına gəlincə, F. Rəhimov deyib ki, bu məhsulların parçasından tutmuş düyməsinə, astarına qədər Türkiyədən gətirilir: "Bu məhsulları İrandan, Çindən gətirsək, qiyməti 10-12 manat ucuzlaşdıra bilərik. Əlavə dəyər vergisi, gəlir vergisi də veririk. Yenə də deyirəm, biz bu məhsulların üzərinə 5 faizdən artıq gəlir qoymuruq. Bir kostyumu 30 manata satırıq. Başqa ölkələrlə müqayisə edin, görün kim bizdən ucuz satır? Bazarlarda isə bizim adımız yazılan həmin kostyumları baha qiymətə satırlar".

AzNews.az