Əmək Müfəttişliyi hesabat verdi

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu il sentyabrın 5-dək iş yerlərində 17 min işçi ilə əmək müqaviləsi bağlanılması təmin olunub.

AzNews.az-a verilən məlumata görə, ümumilkdə, bu ilin 8 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4295 sahibkarlıq subyektində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib, 2248 vətəndaş müraciətinə baxılıb və müvafiq tədbirlər görülüb.

Bu müddətdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı 11671 hal aşkarlanıb, onlardan bir hissəsi dövlət nəzarətinin həyata keçirildiyi zaman aradan qaldırılıb, icrası müddət tələb edən pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə müvafiq göstərişlər verilərək yerinə yetirilməsi nəzarətə götürülüb.

Bu dövrdə əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş 54 nəfər əvvəlki işinə bərpa edilib, ödənişi işəgötürənlər tərəfindən gecikdirilmiş 305 880 manat məbləğində sosial ödənişlərin, o cümlədən 256 007 manat əmək haqqının, 27 722 manat zərər əvəzi ödəncin, 22 151 manat isə digər sosial müavinətlərin vətəndaşlara ödətdirilməsi təmin olunub.

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması məqsədilə görülmüş işlər artıq bəhrəsini verir. Belə ki, cari ilin 8 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə 179-dan 136-ya, bu hadisələr zamanı dünyasını dəyişənlərin sayı 68-dən 49-a, xəsarət alanların sayı isə 136-dan 107-yə enib.

İlkin
AzNews.az