Siqaret qadağası bu il mümkün olmayacaq

Milli Məclisin sosial siyasət komitəsində hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınmayıb. Beləliklə də qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması bu il mümkün olunmayacaq.

Komitənin sədr müavini Musa Quliyevin AzNews.az-a verdiyi məlumata görə, layihəyə əsasən ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışlarına və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkməyin qadagan edilməsi nəzərdə tutulur.

M.Quliyev bildirib ki, layihəyə əsasən 3 qapalı müəssisə ilə bağlı istisnalar qüvvədə olacaq. Bura qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləri daxildir. Bu məkanlarda siqaret çəkmək istisna təşkil edəcək.

Qadağaları pozanlara qarşı isə cərimələrin məbləği İnzibatı Xətalar Məcəlləsinə uyğun müəyyənləşdiriləcək.

E.Əlosmanqızı
AzNews.az