11:51
(077) 610-22-33

“Azərbaycan Polad İstehsalı Kompleksi” Rusiya ilə müqavilə imzaladı

  • >
634 15 Avqust 2014 10:37 | İqtisadiyyat

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti avqustun 6-9-u tarixlərində Rusiyada işgüzar səfərdə olub.

AzNews.az-ın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, avqustun 6-da Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC arasında müqavilə imzalanıb. Müqaviləni "Daşkəsən Filizsaflaşdırma" ASC-nin sədri Ə. Sadıqov və Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC-nin baş direktoru V.S.Zarudniy imzalayıb.

Müqaviləyə əsasən, sözügedən şirkətdən "Daşkəsən Filizsaflaşdırma" ASC-də istehsal prosesində istifadə olunacaq müasir avadanlıqlar və ehtiyat hissələri alınacaq. Müqavilədə nəzərdə tutulan işlər 2015-ci il yanvarın 1-ə qədər həyata keçirilməlidir. Alınacaq avadanlıqların köməyi ilə kombinatda olan istehsal prosesləri müasirləşdiriləcək. Dəmir filizi konsentratının tərkibinin keyfiyyəti 60%-dən 66-67%-ə qədər yüksələcək, eyni zamanda istehsal gücünü da artıracaq. Bu da 2015-ci ildə kombinatın məhsullarının Avropa bazarına çıxarılmasına imkan verəcək.

Səfər çərçivəsində həmçinin "Metalloinvest" şirkətinin Belqorod vilayətinin Qubkin və Oskolsk şəhərində yerləşən "Lebedinskiy" Filizsaflaşdırma Kombinatının və "Oskolskiy Elektrik Metallurgiya Kombinatı"nın rəhbərliyi və kollektivi ilə görüşlər keçirilib.
Müəssisənin rəhbərliyi nümayəndə heyətini istehsal prosesi ilə yaxından tanış edib.

Məlumat üçün qeyd edək ki, bu müəssisələrdən "Lebedinskiy" Filizsaflaşdırma Rusiyanın ən böyük kombinatıdır. Bu iki müəssisədə birbaşa reduksiya üsulu ilə ildə 5 milyon ton dəmir istehsal olunur və hal hazırda istehsal gücü 1,8 milyon ton olan yeni Midrex Qurğusu qurulur.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tikintisi layihəsi çərçivəsində mümkün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bu kombinatların təcrübəsindən faydalanmaq məqsədəuyğun hesab edilir. Burada çalışan kadr potensialı da diqqət çəkir. Gələcəkdə kadrların burada təcrübə keçməsi üçün lazımı işlər görülməsi planlaşdırılır.

Əhməd
AzNews.az
Bağla X