TƏDAVÜLƏ İRİ NOMİNALLI PULLAR ÇIXARILACAQ TƏDAVÜLƏ İRİ NOMİNALLI PULLAR ÇIXARILACAQ

Azərbaycanda ilk: Mərkəzi Bank pul kəsəcək

TƏDAVÜLƏ İRİ NOMİNALLI PULLAR ÇIXARILACAQ



Mərkəzi Bank tərəfindən əskinaslar üzrə çap fabrikinin yaradılmasının dövrü olaraq qiymətləndirməsi həyata keçirilir.

Bu barədə Mərkəzi Bankdan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib. Bundan əlavə zərurət yarandığı halda tədavülə növbəti iri nominallı əskinasların buraxılacağı gözlənilir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, Mərkəzi Bank Azərbaycan Respublikasının Konstitusiyasına və Mərkəzi Bank haqqında qanuna müvafiq olaraq, ölkə ərazisində nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir. Onun sözlərinə görə, hazırda tədavüldən qayıtmış pul nişanları Mərkəzi Bankda yüksək texnoloji sistemlərdə gündəlik əsasda emal olunur və yararsız pul nişanları dövriyyədən çıxarılır:
"Tədavüldən çıxarılmış milli valyuta əskinasların məhv edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən yaradılmış Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Baş Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrindən ibarət Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Bütövlükdə məhvetmə prosesləri Nazirlər Kabinetinin "Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi Qaydaları" ilə tənzimlənir. Bildiririk ki, Mərkəzi Bank tərəfindən tədavüldən çıxarılmış əskinaslar ayrıca formalaşdırılaraq məhv edilmək üçün Komissiyaya verilir. Eyni zamanda, yararsız əskinaslar Komissiya tərəfindən müvafiq qaydalara əsasən vərəq-vərəq yenidən sayaraq xüsusi avadanlıqda məhv edir".

Ehtiyac yaranarsa dövriyyəyə iri nominallı əskinasların buraxılacağını da istisna etməyən Mərkəzi Bank rəsmisinin dediyinə görə, Beynəlxalq təcrübə göstərir ki, tədavüldə iri nominallı əskinasların xüsusi çəkisi yüksəldikcə Mərkəzi Banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əskinaslar buraxılır. Odur ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, milli valyutaya olan inamın artması, manatın dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib ki, bu da iri nominallı pul nişanlarına (50 və 100 manat) olan tələbin həcmini artırır. Bu baxımdan, Mərkəzi Bank ölkədə gedən makroiqtisadi inkişaf templəri və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun mütəmadi olaraq qiymətləndirməsini aparır.

"Zərurət yarandıqda tədavülə növbəti iri nominallı əskinaslar buraxıla bilər. Bundan başqa Mərkəzi Bank tərəfindən əskinaslar üzrə çap fabrikinin yaradılmasının dövrü olaraq qiymətləndirməsi həyata keçirilir"-deyə Namiq Əliyev bildirib.


Gültəkin ƏLƏSGƏR