19:11
(077) 610-22-33

Azərbaycan BMT-nin beynəlxalq layihələrində maraqlı tərəf kimi çıxış edir

  • >
526 26 Sentyabr 2012 11:24 | İqtisadiyyat

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun rezident nümayəndəsi kimi səlahiyyət müddəti başa çatan Fikrət Akçura ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ölkədə İKT-nin dinamik inkişaf etdiyini deyən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik "Qlobal informasiya texnologiyaları" hesabatında Azərbaycanın MDB ölkələri arasında lider olmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycanın region ölkələrinin mərkəzinə çevrilməsinə də diqqət çəkən F.Akçura Azərbaycanda İKT-nin gələcək inkişafı, o cümlədən birgə layihələrin həyata keçirilməsində BMT-nin iştirakının bundan sonra da təmin ediləcəyini qeyd edib.
BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrda Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumunun da nailiyyətlərə töhfə verəcəyini deyən rezident əlaqələndirici əlavə edib ki, forum xarici ölkələrin dövlət, biznes strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycanın nailiyyətləri, uğurları ilə yaxından tanış ola bilmələri üçün gözəl fürsət olacaq.

Gələcək inkişaf strategiyasına toxunan F.Akçuranın sözlərinə görə, gələcəkdə "Elektron hökumət" quruculuğu istiqamətində BMT ilə birgə layihələrin həyata keçirilməsi də mümkündür. Mövcud layihələr çərçivəsində "Dilmanc" tərcümə proqramından xüsusi olaraq söz açan BMT rəsmisi bildirib ki, bu layihə gələcəkdə bəşəriyyət, həmçinin türkdilli ölkələr üçün tərcümə proqramının bünövrəsini qoyacaq.

Ə.Abbasov öz növbəsində BMT, xüsusən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edib, məhz bu layihələrin sayəsində ölkədə müvafiq islahatların reallaşdırıldığını, infrastrukturumuzun zənginləşdirildiyini, insan qaynaqlarının artırıldığını vurğulayıb. Ümumilikdə Azərbaycanda İKT bazarının bu layihələrdən bəhrələndiyini deyən nazir gələcəkdə də BMT və onun müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə layihələrin reallaşdırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirib.

Azərbaycanda bir zamanlar donor ölkələrin hesabına müəyyən layihələrin həyata keçirildiyini vurğulayan Ə.Abbasov hazırda ölkənin sərmayədar qismində iştirak etməyə hazır olduğunu, bu baxımdan BMT-nin İnkişaf Proqramının geniş spektrli, regional layihələr hazırlayacağı təqdirdə Azərbaycanın bu layihələrdə iştirakla bağlı maraqlı tərəf kimi çıxış edəcəyini əlavə edib.

Sevinc
AzNews.az
Bağla X