Azərbaycan Rusiyadan buğda alır

Azərbaycan və Rusiyanın Volqoqrad vilayəti arasında əldə edilən razılaşmaya əsasən, vilayətin kənd təsərrüfatı istehsalçıları Azərbaycana güzəştli şərtlərlə buğda ixrac etmək imkanı əldə ediblər

Bu barədə Volqoqrad vilayəti hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. "Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə edilən razılaşma, habelə Azərbaycan Nazirlər Kabinetinin qərarı sayəsində vilayətin kənd təsərrüfatı istehsaçıları güzəştli şərtlərlə dost dövlətə buğda ixrac etmək imkanı qazanıblar", - məlumatda qeyd edilir.

Görüşdə Volqoqrad vilayəti məhsullarının, habelə dənli bitkilərinin Azərbaycana ixracının artırılması perspektivləri müzakirə edilib. Azərbaycan bir milyon ton taxıl almaq imkanını nəzərdən keçirir.

"Vilayətimiz artıq Aərbaycana dənli bitkilər ixrac edir. Təkcə bu il 17,5 min ton ərzaq taxılı tədarük edilib. Azərbaycan Nazirlər Kabinetinin tətbiq etdiyi yeni güzəştli şərtlər Volqoqrad buğdası ixracının həcmini artırmağa, həmçinin unüyüdən müəssisənin əmtəə dövriyyəsinə cəlb edilməsinə imkan verəcək", - Bojenov qeyd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti sentyabrın 24-də buğda və meslin, buğda unu və ya buğda-çovdar ununu əlavə dəyər vergisindən azad edib. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir.

AzNews.az