06:00
(077) 610-22-33

Fikrət Yusifov: “Bankların manata etinasızlığı yolverilməzdir”

  • >
2 324 13 Mart 2015 11:22 | İqtisadiyyat

“Dünyada və qonşu ölkələrdə, xüsusilə iqtisadi və ticarı əlaqələrimimzin daha geniş olduğu Rusiya və Türkiyədə bu ölkələrin milli valyutaları ətrafında baş verən proseslər bizdə də manatın məzənnəsi ilə bağlı məsələyə yeni bir yanaşmanı zəruri etdi”.



Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov manataın devalvasiyasından sonra yaranmış vəziyyəti şərh edərkən deyib. Əvvəlki çıxışlarını xatırladan F.Yusifov qeyd edib ki, Mərkəzi Bank manatın məzənnəsinin yumşalmasına 2014-cü ilin ortalarından, ən geci isə avqust-sentyabr aylarından başlasaydı bu, daha düzgün olardı: "Mərkəzi Bankın cari ilin fevral ayının ikinci yarısından milli valyutanın məzənnəsini müəyyən etməyin yeni qaydalarına – iki valyutalı səbətə keçməsi, özlüyündə manatın yumşaq devalvasiyasının başlanğıcı idi. Bunun belə olduğunu həmin dövrdə Mərkəzi Bankın rəhbərliyi də bəyan etmişdi. Əsil həqiqət də bundan ibarət idi ki, mövcud durumda yumşaq devalvasiyadan başqa bir variantı heç kim ağlına belə gətirmirdi. Bəs onda nə baş verdi ki, bir-iki gün ərzində mıvcud situasiya tamam dəyişə bildi? Bu vəziyyətin dəyişməsinin başlıca səbəbi mütəxəssis olmayanların, ömründə bir müəssisənin balansını əlində tutmayan "ekspertlərin" həmin günlərdə manatın taleyi ilə bağlı verdikləri "proqnozlar" oldu. Sadə vətəndaşlar bu çağrışlardan təlaşa düşüb banklara, valyutadəyişmə məntəqələrinə üz tutaraq milli valyutamıza kütləvi şəkildə etimadsızlıq göstərdilər. Yaranmış şəraitdə Mərkəzi Bank da zəruri təbliğat işlərinin təşkili sahəsində kifayət qədər operativlik göstərə bilmədi. Bu səbəbdən də baş verən ajiotajla bağlı yeganə doğru yol milli valyutanın kəskin devalvasiyasına getmək oldu".

BİAB sədri hesab edir ki, yaranmış vəziyyət Azərbaycan cəmiyyətində sözün məsuliyyəti məsələsinin diqqətdən kənarda qaldığını göstərir: "İndi hər hansı bir məsələ ətrafında istənilən şəxs istənilən fikri söyləyib insanları çaşdıra bilər və buna görə heç bir məsuliyyət daşımaz. Məgər bu doğrudurmu? Dövlətin apardığı iqtisadi – maliyyə siyasətinin əleyhinə heç bir əsası olmayan əks təbliğat apararaq ölkədə ajiotaj yaradan və bu səbəbdən millyardlarla itkilərin baş verməsinə gətirib çıxaran çağrışların müəllifləri əməllərinə görə cavab verməməlidirlərmi? Hesab edirəm ki, bu kifayət qədər ciddi boşluqdur və bunun aradan qaldırılması olduqca vacibdir. Baş verən iqtisadi və maliyyə proseslərini şişirdərək yalnış təbliğat aparanlar bunu "obıvatel"ə hesablayırlar. Çox təəssüflər olsun ki, iqtisadi biliyi aşağı olan, məsələlərin incəliklərini zəif bilən böyük əksəriyyət isə bu tip çağırışların yaratdığı axının qurbanı oldular".

F.Yusifov manatın devalvasiyasından sonra bankların davranışının da milli valyutanın hazırkı stabit kursuna adekvat olmadığını deyib: "Manatın məzənnəsinin yumşaldılmasından sonra baş verənlər yuxarıda göstərdiklərimizin davamıdır. Banklarımız bu proseslər baş verən vaxtdan milli valyutada kreditlərin verilməsini dayandırıblar. Sual olunur: Nə üçün? Rusiyada milli valyutanın iki dəfədən çox dəyər itirməsinə baxmayaraq rublla kreditlərin verilməsi bu gün də davam edir. Bəs biz nə üçün öz milli valyutamıza bu qədər sayğısız yanaşırıq? Axı söhbət həm də milli qürurdan gedir. Məsələnin bu cür qoyuluşu banklarımızın nüfuzuna ciddi zərbədir. Əhali banklara inamını itirə bilər. Bu, banklara lazımdırmı? Manat bizim dövriyyədə olan milli valyutamızdır. Bankların manatı hər hansı bir formada qəbul etməməsi qanuna ziddir.
Konstitusiyanın tələbinə görə, Azərbaycanda ölkənin milli valyutasından fərqli olan pul vahidlərindən ödəniş vasitəsi kimi istifadə etmək qadağandır. Bu müddəaya əsasən, Azərbaycanda hər hansı maliyyə əməliyyatını həyata keçirəndə, əmanət qəbul edəndə, kredit verəndə - heç bir halda xarici valyutadan istifadə etmək olmaz. Hesab edirəm ki, Mərkəzi Bank, onun İdarə Heyəti yaranmış vəziyyətin tez bir zamanda aradan qalxması üçün banklarla daha yaxından iş aparmalıdır. Gözləmə mövqeyi tutmaq olmaz. Manat devalvasiyadan sonra özünün real dəyərini alıb, onun bundan artıq ucuzlaşması real deyil. Bəs onda nə üçün banklar gözləmə mövqeyi tutmaqda israrlıdırlar? Bu durumun davamlı olması bütövlükdə iqtisadiyyata, qeyri neft sektorunun inkişafına mənfi təsir göstərə bilər".
Bağla X