Sankt-Peterburqda ikinci “restoran müharibəsi” başlayır

Son bir neçə gün ərzində Sankt-Peterburqun Kalinin rayonunda iki restoran və bir maşın yandırılıb. "Çinar" və "Usadba" restoranlarının sahibləri azərbaycanlılardı. Polislər hadisənin "sağçı" gənclər tərəfindən törədilməsi mülahizəsini yanlış hesab edirlər. Onların fikrincə, şəhərdə ikinci "restoran müharibəsi" başlayır. Restoranlar sahibi Məmmədov tərəfindən başlanan birinci "müharibə" bir ay əvvəl bitib və 7 nəfərin ölümü ilə nəticələnib. İndi də həmyerlilərimiz Sadıqov və Əliyev arasında "müharibə" başlanır.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, dekabrın 2-dən 3-nə keçən gecə iki naməlum şəxs "Usadba" restoranının qarşısında Sadıqovun arvadının maşınını yandırıb. Cinayətkarlar hadisə yerindən uzaqlaşanda onları təqib edən mühafizəçilərə atəş açıblar.
Dekabrın 3-dən 4-nə keçən gecə Sadıqovun şərik olduğu "Flaminqo" kafesinin pəncərələri sındırılıb.

Dekabrın 5-dən 6-na keçən gecə isə Əliyevə məxsus "Çinar" restoranı yandırılıb. Bu dəfə də hadisə yerindən uzaqlaşan cinayətkarlar mühafizə işçilərinə atəş açıblar.

Qeyd olunur ki, hadisələri törədənlər 25-27 yaşlı tünd idman paltarı və uzun hərbi çəkmə geymiş gənclər olublar.

Polislərin fikrincə, baş verənlər radikal əhval-ruhiyyəli gənclərin işi deyil. Onlar hesab edir ki, yanğınlar həmyerlilər arasında başlanmış "restoran müharibəsi"nin nəticəsidir. Ehtimal edilir ki, yola getməyən restoran sahiblərinin adamları "sağçı" gənclər kimi geyinərək bir-birlərinə hücüm edirlər.

Xatırladaq ki, 2005-2010-cu illər ərzində Peterburqda "Ağdam" restoranının sahibi Məmmədov tərəfindən başlanmış "müharibə" nəticəsində biri cavan qız olmaqla 7 nəfər öldürülüb. 2012-ci ilin oktyabrında dairə hərbi məhkəməsi bu işdə əli olan 4 qafqazlını ümumilikdə 88 il müddətinə azadlıqdan məhrum edib.

Noyabrın 1-də həmin "müharibə"nin gedişində iki ölümdə günahkar bilinən daha 3 nəfər saxlanılıb.

İnci
AzNews.az