Sabiq bank rəhbəri Almaniyada saxlanıldı

Almaniyanın Düsseldorf hava limanında İran Mərkəzi Bankının sabiq rəhbəri Təhmasib Mazəhəri saxlanılıb.


APA-nın məlumatına görə, hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.


Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.


İstintaq zamanı o bildirib ki, bu pullar Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.


Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.