Bakıda “ağ ölüm“ yayanlara qarşı əməliyyat: 2 qadın, 4 kişi qandallandı

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakinləri Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən tutulub. Əməliyyatı keçirən Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və narkotiklərlə mübarizə bölməsi əməkdaşları onların üzərlərinə baxış keçirərkən R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin götürüb.

Təxirəsalınmaz əməliyyat nəticəsində Ramilə Bağırovaya narkotik maddə satan Bakı şəhər sakinləri - Ramal Hüseynov, İradə Ağayeva və Məmmədağa Səfərov fevralın 1-də Sabunçu RPİ NMB-nin əməkdaşları tərəfindən yaxalanıblar. Onların üzərinə baxış keçirilərkən İradə Ağayevadan 26 qramdan artıq, M.Səfərovdan isə 10 qrama yaxın heroin aşkar edilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yaşayan Ramal Hüseynovun mənzilindən 0,52 qram qurudulmuş marixuana, 1,20 qram çətənə toxumları, Maştağa qəsəbəsində yaşayan Ramilə Bağırovanın evindən 0,505 qram heroin aşkar edilib. Narkotik vasitəni Məmmədağa Səfərova satan Bakı şəhər sakini Telman Səfərovdan 10 qrama yaxın heroin aşkar edilib.

AzNews.az