Peterburqda kütləvi davada saxlanmış 9 azərbaycanlı deportasiya olunur

Peterburqda kütləvi davada iştiraka görə saxlanmış doqquz Azərbaycan vətəndaşı vətənə deportasiya olunacaq.

APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, təhqiqat zamanı saxlanan şəxslərin Rusiya ərazisində qeyri-leqal yaşadığı məlum olub və onların deportasiya olunması barədə qərar çıxarılıb.

Xatırladaq ki, azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da Sankt-Peterburqun cənubunda baş verib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, davaya səbəb gəlinin toy ərəfəsində qaçırılması olub. Dava nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı 28 nəfər saxlanıb.

AzNews.az