Bakıda silah satan şəxs tutuldu

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad rayon sakini 28 yaşlı Şamxal Abışovun "Kalaşnikov" markalı avtomat silahı güllələri ilə birgə satmaq istəməsi barədə Baş İdarəyə məlumat daxil olub. Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirilib və əvvəllər məhkum olunmuş Ş. Abışov silahı satarkən cinayət başında yaxalanıb. Saxlanılan şəxs ilkin ifadəsində silahı bir neçə gün əvvəl Keşlə qəsəbəsi ərazisindən tapdığını bildirib. Avtomatı gizlətdikdən sonra isə satmaq üçün müştəri axtarıb. Ş. Abışov nəhayət alıcı taparaq avtomatı 1100 ABŞ dollarına satmağa razılaşıb. Saxlanarkən onun üstündən pullar və satdığı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62 kalibrli güllə maddi sübut kimi götürülüb. Kriminalistik ekspertiza silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini araşdırır.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.