Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

“Tonqal” restoranında baş verən kütləvi zəhərlənməyə görə cinayət işi başlanıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

AzNews.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, birgə məlumatda deyilir ki, Azərbaycanda qida təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Bildirilib ki, lakin, bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir: "Belə ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında qida təhlükəsizliyinə və istehlakçıların keyfiyyətli qida məhsulları ilə təmin olunmasına məsul olan vəzifəli şəxs və ya şəxslərin öz xidməti vəzifələrinə laqeyd münasibət göstərməsi nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qida Təhlükəsizliyi Agentliyinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi restoranda aparılan müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunub və müayinə aparılması məqsədi ilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir".

AzNews.az