19:19
(077) 610-22-33

“Lotu” Qulinin yanına “desant” göndərildi

  • >
629 30 Mart 2013 14:01 | Kriminal

Kriminal avtoritet Rafiq Hüseynovun həbsi ilə bağlı “müəmma dumanı” qatılaşır



Xəbər verdiyimiz kimi, martın 27-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazov saxlanılıb. Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, R. Eyvazovun cinayətkar əlaqələrinin və qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu arada isə Rusiya mətbuatı "qanuni oğru" Rafiq Eyvazovla bağlı maraqlı məlumatlar yayıb. Belə ki, artıq onun həbsinin məqsədli olması haqda şübhələr ortaya çıxıb. "Praym kraym" xəbər verir ki, R.Eyvazov tanınmış "qanuni oğru", 2 il əvvəl serrozdan dünyasını dəyişən Mamed Hüseynovun uzaq qohumudur. R.Eyvazovun "tacını" digər "qanuni oğru", "Qoca" ləqəbli Əlibala Həmidovun dəstəyi ilə aldığı xəbər verilir. Onunla bərabər "ailəyə" daha iki azərbaycanlı - Rəşad Gəncəli və Emin Hacıqabullu da daxil olub.

Bəzi məlumatlara görə, R. Eyvazovun taclandırılması müəyyən şərt daxilində həyata keçirilib. Burada isə "Lotu Quli" ləqəbli Nadir Səlifovun adı çəkilir. Saytın yazdığına görə, R.Eyvazov həbsxanaya desant kimi göndərilir.

Qeyd edək ki, ötən ilin sonlarında Moskvada öldürülən Ded Xasanın Rövşən Caniyevlə münasibətləri korlandıqdan sonra Lotu Quli Ded Xasana bahalı hədiyyələr göndərməklə onunla münasibətlərini yenidən yaratmağa çalışıb. Bunun nəticəsində ötən ilin payızında, öldürülməzdən öncə Ded Xasan Qoca, Vaqif, Arif, Baxış, İlqar, Dadaş, Yunus və Albertin razılığı ilə Quliyə "oğru" adını geri qaytarıb. Və beləliklə də Nadir Səlifova öz adından hərəkət etmək imkanı verib.

Ancaq Ded Xasan öldürüldükdən sonra vəziyyət yenidən dəyişib. Lotu Qulinin qohumu olan Baxışdan başqa əksər azərbaycanlı "qanuni oğru"lar gözlənilmədən mövqelərini dəyişiblər. Martın 14-də bir tərəfdə Nadir Səlifov, digər tərəfdə isə Qoca, Rəşad və Yunusun olduğu müzakirədə Lotu Qulinin "oğru" səlahiyyətləri yenidən ləğv edilib. Səbəb kimi isə ona göstərilən etimadı doğrultmadığı göstərilib.

"Qanuni oğru"lar arasında yaranan bu vəziyyəti aradan qaldırmaq üçün şəxsi görüş tələb edilsə də, bu mümkün olmayıb. Çünki Lotu Qulinin həbsdən çıxmasına hələ bir neçə il var. Buna görə də Rafiq Eyvazovun həbsinin məqsədli şəkildə təşkil edilməsi haqda şübhələr var. Məqsəd isə onun həbsxanaya desant kimi göndərilərək, xüsusi missiya ilə təlimatlandırılmasıdır.

Elnarə Əlosmanqızı
AzNews.az

image description
Bağla X