Ağstafa rayonunda iki nəfər maskalı şəxsin evə hücumunun təfərrüatı məlum olub. Ağstafa rayonunda iki nəfər maskalı şəxsin evə hücumunun təfərrüatı məlum olub.

Maskalı şəxslər avtomatla evə hücum etdilər

Ağstafa rayonunda iki nəfər maskalı şəxsin evə hücumunun təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Ağstafa rayon sakini Azər Mustafayevə məxsus evə iki nəfər maskalı şəxs hücum edib. Onlardan birində "Kalaşnikov" avtomatı olub. A.Mustafayev pul tələb edən şəxslərdən birinə müqavimət göstərərək onunla əlbəyaxa olub. Bu zaman silahdan iki dəfə atəş açılıb. Güllələrdən biri zərərçəkənin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu, 29 yaşlı Əmirxan Mustafayev də hücum edən şəxsi zərərsizləşdirmək üçün mübarizəyə qoşulub. Bu zaman silahın qundağı onun başına dəydiyi üçün baş nahiyəsindən xəsarət alıb. Mübarizədən qalib ayrılan ata və oğlu silahlı şəxsi - Ağstafa rayon sakini, 56 yaşlı Ceyhun Novruzovu yerə yıxaraq iplə əllərini bağlayıblar. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına təhvil veriblər.

Ev sahibinin bildirdiyinə görə, hadisəni törədənlər iki nəfər olub, daha bir nəfər (sürücü) isə həyətdə gözləyirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az