Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə hakim qarşısına çıxarılıb. Onların məhkəməsində maraqlı detallar üzə çıxıb. Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə hakim qarşısına çıxarılıb. Onların məhkəməsində maraqlı detallar üzə çıxıb.

“200-nü qaytardıq, dedik, xərcləyərsən”- Bakıda oğruların ev sahibinə jesti (Təfərrüat)

Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə hakim qarşısına çıxarılıb. Onların məhkəməsində maraqlı detallar üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Elçin Aslanov 2017-ci il mayın 12-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Daha sonra isə həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.

İttihama görə onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını “skoç”la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar. Bundan əlavə isə iyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

Daha bir cinayət əməlini isə 2017-ci ilin oktyabrın 22-də törədiblər. Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini söyləyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.

Məhkəmədə ilk olaraq ifadə verən zərərçəkmiş Azər Məmmədov olub. O deyib ki, evinə girən şəxslərdən Kamal onun xalası oğludur.

Zərərçəkmiş bildirib ki, hadisədən bir-iki həftə əvvəl yoldaşı vəfat etmişdi. Kamal da onlara gəlib və başsağlığı verib.

“Kamal gedəndən sonra Elçinlə Səyavuş gəldi, uzaq qohumum olduqlarını dedilər. Mən də qohumlarla çox əlaqə saxlamadığım üçün əksəriyyətini tanımıram. Nəysə, evə girdilər, yoldaşımın ölümünə görə məni danlamağa başladılar ki, guya mənim günahımdan ölüb. Bu söhbət xoşuma gəlmədi, dedim durun gedin. Üstümə hücum edib məni təpiklə vurub yerə yıxdılar. Elçin ayağımı “skoç”la bağladı, əllərim açıq qaldı. Elçinin əlində bıçaq var idi. Bu vaxt Kamal da evə girdi, başladılar axtarmağa. Tapdıqları şeyləri götürəndən sonra çemodanı mənə verdilər. Orda bir cib var idi, əlimi saldım ki, görüm pulun hamısını götürüblər, ya yox. Ordan 500 manat çıxdı, onlar görməmişdilər. Həmin pulu da məndən aldılar. Amma sənədlərə dəyməmişdilər, hamısı yerində idi. Rəhmətlik yoldaşımın mənə bağışladığı üzüyü də apardılar. İndi də apardıqlarını qaytarmalarını tələb edirəm”- deyə zərərçəkmiş ifadəsində göstərib.

Digər zərərçəkən Yuri Maksimov deyib ki, tanımadığı şəxslər qapını döyüblər, o da açıb: “Qapını açan kimi məni itələyib içəri girdilər. Ağzımı “skoç”la bağlayıb çarpayıya uzatdılar. Kamal mənim yanımda qaldı, digərləri də evi axtarıb qızılları götürdülər. 12 min 700 manatlıq ziyan vurublar, şikayətçiyəm”.

Amma həbs edilən Kamal Heydərov məbləğə etiraz edib.

Bildirib ki, evdən 3 min dollar götürüb: “Mən bu cinayəti törətmişəm, bu da mənim 5-ci məhkumluğumdur. Amma burada Hindistan kinosu qurmaq lazım deyil. Mən o evdən cəmi 3 min dollar götürmüşəm”.

Kamal Heydərov deyib ki, 3 cinayətə özü rəhbərlik edib: “Azərin evindən qızılı mən götürüb Səyavuşa verdim, dedim mənim başım çıxmır. Tutulandan sonra da 35-ci bölmənin rəis müavini Kamal müəllimə qaytardıq. Dedik bunu yiyəsinə verin. Amma müstəntiq dedi ki, ekspert rəy verib ki, guya onlar qızıl deyil. Mən də dedim qızıl olub-olmadığını bilmirəm, amma kişinin evindən götürmüşük, özünə qaytarın. Hələ də onu Azərə verməyiblər. Cənab hakim, polisi çağırın, deyin camaatın komplektini özünə qaytarsın.

Viktorun evindən də rubl filan götürməmişik. Cənab hakim, rubl ölü puldur, dollar olan yerdə rublu neynəyirəm? Sadəcə dollarla manatı götürüb çıxdıq. Rubl götürəni Allah vursun”.

Kamal Heydərov ifadəsinin davamında özünü də, məhkəmə zalında olanları da güldürən bir məqama toxunub.

Deyib ki, Viktor Məmmədovun evinə girərkən “səhv”ə yol verib: “Pilləkəni qalxa-qalxa fikrimdə tutmuşdum ki, buna deyim ki, altdakı qonşunam və evimə su damır. Viktor 8-ci mərtəbədə qalırdı. Qapını açanda ona dedim ki, 6 mərtəbədə qalan qonşunam, sənin evindən bizə su damır. Bu bədbəxt də demədi ki, 6-ya su 7-dən damar. Mənim də fikrimdən çıxmışdı ki, 7 deyim. Nəysə, buna dedik ki, tualetə baxaq görək su hardan axır. Ora girən kimi dəsmalı götürüb boynuna keçirtdim, Səyavuşa dedim bunu saxla. Orada bıçaq, “skoç” filan olmayıb. Viktor elə hamamda sakitcə dayandı, mən pulu götürdüm, getdik”.

Digər təqsirləndirilən Elçin Aslanov isə deyib ki, Azər Məmmədovun evinə Səyavuşla birgə girib: “Sonradan da Kamal gəldi. O evdən 2300 manat çıxdı, kişidən soruşduq ki, xərcliyin var? Dedi olanım o idi. Götürdüyümüz pulun 200-nü kişiyə qaytardıq, dedik “ala, xərcləyərsən”. Qalanı da adama 700 bölüb getdik. Mənim qızıllardan xəbərim olmayıb. Həm də biz gələndə kişi içkili idi, onu heç vurmağa ehtiyac yox idi, elə özü yıxılırdı”. (musavat.com)

AzNews.az