Gecə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində xəstə çağırışına gedən həkim bıçaqlı hücuma məruz qalıb Gecə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində xəstə çağırışına gedən həkim bıçaqlı hücuma məruz qalıb

Xəstə yanına gedən həkimə bıçaqla hücum

Gecə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində xəstə çağırışına gedən həkim bıçaqlı hücuma məruz qalıb



Hadisə zamanı Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının sahə həkimi, 42 yaşlı Mirzəyeva Lalə Məmməd qızı və onun 9 yaşlı oğlu Rüfət Axundov xəsarət alıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına müraciət edib.

Əlindən xəsarət alan 9 yaşlı Rüfət göstərilən tibbi yardımdan sonra evə buraxılıb. Ana Lalə Mirzəyevanın müalicəsi isə xəstəxanada davam etdirilir.


Zərərçəkmiş Lalə Mirzəyevanın sözlərinə görə, ona bıçaq yetirən Nərgiz Kərimovanı qısa müddət imiş ki, tanıyırmış. Sən demə, Nərgiz Kərimova və onun iki azyaşlı övladı xəstəlikdən əziyyət çəkirmiş. Köməksiz qalan ailənin harayına isə sahə həkimi Lalə xanım yetişib.


"Dərman götürüb getdim. Uşağa dərman verirdim. Anasına dedim su gətir. Birdən döndü. Gördüm əlində bıçaq gəldi arxadan iki dəfə vurdu. Üçüncüdə oğlum tutdu. Onun əlini də kəsdi", – deyə zərərçəkmiş bildirib.


Lalə xanım yardımına qaçdığı Nərgiz Kərimovanın onu niyə bıçaqladığını bilmir. O bunu həmin qadının xəstə olması ilə də əlaqələndirir. ANS əməkdaşı ilə söhbətində Lalə Mirzəyeva həmin ailənin köməyinə birinci dəfə deyil, bir neçə dəfə getdiyini də gizlətmədi və hər dəfə gedəndə özü ilə hazır xörək aparmağı da unutmurmuş.


"Qızdırmalı idilər. Ana da, uşaqları da. Əvvəl də iki-üç dəfə getmişəm. Yemək də aparırdım. Ananın halı olmurdu yemək eləməyə. Deyirdim insandırlar da. Atasız ailədir. Bir-iki dəfə tibb bacısı da gedib. Bu dəfə də çağırdı, getdim", – deyə Lalə Mirzəyeva qeyd edib.

Hadisəni törətməkdə şübhəli bilinən Nərgiz Kərimova polis tərəfindən saxlanılıb. Hazırda araşdırmalar aparılır. Polis xəstənin həkimə bıçaqla xəsarət yetirməsi faktının təfərrüatlarına aydınlıq gətirməyə çalışır (anspress).

AzNews.az