Lotu Qulidən Müşfiq Mədətova cavab gəldi: “Unutmasın ki...” – EKSKLÜZİV

"Məhkəmə prosesində nələr dediyini də ona xatırlada bilərəm"

Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, daha sonra 15 il azadlıqdan məhrum edilən
Müşfiq Mədətov Virtualaz.org-a verdiyi müsahibədə həbsxanada olan "qanuni oğru" Nadir Səlifov barədə də maraqlı açıqlamalar verib. "Lotu Quli" ilə tanınan N.Səlifovla birlikdə 2005-ci ildə zorlamada ittiham edilən M.Mədətov "2005-ci ilin yanvar ayında bizi "bandotdel"ə apardılar. Mən, "Lotu Quli", boksçu Fariz Məmmədov... 7 nəfər idik. "Lotu Quli"nin qardaşını da tutdular … Biz 7 nəfərə dedilər ki, sizi gətirib saxladıq deyə, məcbur olub zorlama ittihamı veririk. Biz 7 nəfəri tutanda tək mən idim ağ vərəqə qol çəkməyən. O birilər təzyiqlərə tab gətirə bilmədilər deyə izahat yazdılar. Amma təkcə mən yazmadım. Dedilər yaz ki, şərdir, yalandır. Mən yenə də yazmadım. Dedim olmayan şeyi yaza bilmərəm. Bunu bütün DİN, avtoritetlərin hamısı bilir" deyə bildirib.

Beləliklə də hazırda da 8 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan "Lotu Quli" da daxil olmaqla digərlərini təzyiqlərə tab gətirmədiyini vurğulayıb.

"Lotu Quli"nin vəkili Kamandar Nəsibov isə müdafiə etdiyi şəxslə bağlı Müşfiq Mədətovun səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu bildirib: "Həmin hadisə ilə bağlı Nadir Səlifov dindiriləndə mən də yanında idim. Mənim yanımda izahatında belə bir ittihamı qətiyyətlə qəbul etmədiyini bildirib. Əgər izahat yazmaq "sındırılmaqdırsa", onda Müşfiq Mədətov özünün bir qovluq izahatları olduğunu unutmasın. Hətta məhkəmə prosesində nələr dediyini də ona xatırlada bilərəm. Məhkəmə qapalı keçdiyi üçün bunların unudulduğunu düşünməsin. Müşfiq Mədətov uydurma danışır, özünü qəhrəman kimi təqdim etməyə çalışır. Unutmasın ki, hətta məhkəmədə konkret adlar çəkərək kimlərin ailələri ilə bağlı nə fikirlər səsləndirib".

Elnarə
AzNews.az