Özlərini doğrayan məhkumlarla bağlı rəsmi məlumat- Yenilənib

AzNews.az xəbər verir ki, Penitensiar Xidmət məhkumların özlərinə ülgüclə xəsarət yetirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.


Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, noyabrın 13-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 17 saylı çəzaçəkmə müəssisəsində saxlanılan beş nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanunazidd tələblər irəli sürüblər.

Penitensiar Xidmətin əməliyyat qrupu dərhal çəzaçəkmə müəssisəsinə yollanıb və müəssisə rəhbərliyi ilə birgə məhkumlara hüquq və vəzifələri yenidən geniş izah edilib və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunub.

Həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmayıb, qanunazidd tələblərindən dönməyib, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulmuş birdəfəlik ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetiriblər.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilib və onlar digər məhkumlardan təcrid ediliblər. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində şərait sabitdir.

Penitensiar Xidmət bildirir ki, gələcəkdə də Daxili İntizam Qaydalarına zidd, habelə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.


***
13:51

Noyabrın 13-dən 14-nə keçən gecə Bakının Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində 5 məhbus özünü doğrayıb.

Gecə yarısı müəssisəyə Penitensiar Xidmətin rəhbərliyi və həkim briqadası gedib. Hazırda venalarını ülgüclə doğrayan məhbusların vəziyyəti ağırdır. Onları tibb məntəqəsinə yerləşdiriblər.

Olayın baş verməsinə səbəb isə Qobustan qapalı təcridxanasından müəssisəyə etap olunan Rəşad adlı məhbusun nəzarətçilər tərəfindən döyülməsi və karsa salınmasıdır. Məhbuslar müəssisə rəhbərliyindən Rəşadın karsdan çıxarılmasını tələb ediblər.

Lakin onların tələbləri yerinə yetirilməyib və məhbuslar özlərini doğramaqla buna etiraz ediblər. Baş vermiş bu olay 17 saylı cəzaçəkmə müəssisəsində baş verən ilk deyil. Bu il avqustun 3-də beş məhbus - Orxan Xurşudlu, Seyran cahangirov, Ceyhun Hadıyev, Səxavət Kərimov və Telman Əsədov müəssisəyə yeni təyin olunan rəis əvəzi Elçin Əlicanovun qanunsuz davranışına və dustaqları incitməsinə etiraz olaraq özlərini doğramışdılar.

Qeyd edək ki, bu müəssisənin rəisi bir müddət əvvəl işdən çıxarılıb.

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da bir müddət əvvələdək bu müəssisədə cəza çəkib. N.Pənahlı vaxtaşırı bu müəssisədə ciddi qanun pozuntularının olması barədə mətbuata məlumat verib, ölkə rəhbərliyinə müraciət edirdi.(musavat.com)