DİN dəhşətli qətllə bağlı məlumat yaydı- Yenilənib


Daxili İşlər Nazirliyi Astarada törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 14-də Astara rayonu Sığalonı kəndində, kənd sakini 83 yaşlı İsmayıl Qulamov ailə münaqişəsi zəminində 72 yaşlı Məhbubə Nuriyevaya əvvəlcə kəsici alətlə xəsarət yetirib, sonra odlu silahdan atəş açaraq onu və özünü öldürüb.

Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-20" markalı ov tüfəngi, 1 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

***
09:45

83 yaşlı kişi arvadını və özünü güllələyərək öldürüb


Astara rayonunda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sığaloni kəndində 1930-cu il təvəllüdlü Qulamov İsmayıl Qulam oğlu tüfənglə həyat yoldaşı, 1941-ci il təvəllüdlü Nurəliyeva Məhbubə Xanhəsən qızını güllələyərək qətlə yetirib. Bundan sonra arvadının öldüyünə əmin olmaq istəyən 83 yaşlı kişi kəsici alətlə ona çoxsaylı xəsarətlər yetirib. Daha sonra İ.Qulamov özünü də güllələyərək intihar edib.

83 yaşlı kişinin törətdiyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə iş başlanılıb.
Araşdırmalar aparılır.

AzNews.az