14:44
(077) 610-22-33

Odlu silahlardan istifadə geniş yayılıb - VİDEO

  • >
1 010 16 Dekabr 2013 23:01 | Kriminal

Ölkədə odlu silahdan istifadə qanunla qadağa olsa da bu silahlarla törədilmiş cinayət hadisələrinin sayı kifayət qədərdir. Elə Qəbələdəki insident zamanı odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin qətlə yetirilməsi, Sumqayıt şəhərində baş verən silahlı insident zamanı isə avtomat silahdan və qumbaradan istifadə olunması buna əyani sübutdur. Bənzər vəziyyət hələ bir ay bundan əvvəl Zaqatala rayonunun Yuxarı Tala kəndində də baş vermiş, bu zaman 3 nəfər odlu silahla ölmüşdü.

Son hadisələr onu göstərir ki, vətəndaşlar arasında odlu silahdan istifadə geniş yayılıb. Nəzərə alsaq ki, bu gün silah mağazalarda ancaq ov tüfənglərinin satışına icazə var, o zaman ortaya sual çıxır. Cinayətdə törədilən bu silahlar hardan əldə olunur? Polisə yardım ictimai birliyinin sədri Şəmsəddin Əliyev deyir ki, indi əldə olan silahlar ölkəyə qeyri qanuni yollarla gətirilir.

Şəmsəddin Əliyev hesab edir ki, ölkəyə gizli yolla gətirilən silah sursat nəzarət altına götürülməlidir. Əks təqdirdə ayrı-ayrı şəxslərin əlinə keçən bu silahlar hər bir vətəndaş üçün ciddi təhlükə yarada bilər. O, mülki şəxslərin silah əldə etmək hüquqlarının məhdudlaşdırılmasının tərəfdarıdır.

Qanunsuz silahların gətirilməsi və ya satışı orta və ali təhsil müəssisələrində mühafizə sisteminin təşkili məsələsini də qabardır. Təhsil Nazirliyinin İnformasiya Şöbəsinin müdir müavini Cəsarət Valehov Neft Akademiyasında baş verən bədbəxt hadisədən sonra təhsil müəssisələrinin sistemli mühafizəsinin nazirliyin gündəlik planında olduğunu deyir.

"Düzdür hazırda bəzi məktəblərdə valideyn komitələrinin və ya məktəblərin özlərinin daxili imkanları hesabına mühafizə sistemi var. Amma bizim bütün orta məktəbələrdə sistemli mühafizə xidmətinin təşkil etməmiz üçün dövlət tərəfindən büdcə ayrılmalıdır".

Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə isə, son illər silahla törədilən insidentlərin sayı azalıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə 1994-cü ildə imzalanan fərmana əsasən bu günədək həyata keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 34 mindən çox odlu silahın yığıldığını bildirdi.







AzNews.az
Bağla X