50 min borca görə intihar etdi

İnsan öz həyatına heç nədən qəsd etmir. Xırdalan şəhərində dünən özünü öldürən 47 yaşlı Emil Əsgərovun özünü öldürməsi də səbəbsiz yerə deyil.

Yaşadığı evdə özünü asan E.Əsgərov ölümündən əvvəl məktub yazaraq həyatla vidalaşıb. Asılmış vəziyyətdə aşkarlanan E.Əsgərovun meyitinə baxış keçirən prokurorluq əməkdaşları onun cibindən məktub tapıblar.

Abşeron Rayon Prokurorluğu məktubun məzmununu istintaq sirri olduğundan tam açıqlamasa da, bəzi məqamları öyrənə bildik.

Milli.az-a bildirilib ki, E.Əsgərov məktubunda külli miqdarda borcu olduğunu yazıb. Məktubda borcun məbləği də göstərilib. Onun 50 min manat borcu varmış və qaytarmağa imkanı olmayıb.

İki uşaq atası olan E.Əsgərovun işi ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az