Gömrük orqanları 12475 hüquqpozma faktı aşkarlayıb

Azərbaycanın gömrük orqanları tərəfindən 2013-cü ildə keçirilmiş tədbirlər nəticəsində 12475 hüquqpozma faktı aşkarlanıb.

Bu barədə APA-ya dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu faktlardan 347-i cinayət xarakterli faktlar olub. Həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azər¬baycan vətəndaşı, 83 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Ötən il gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2013-cü il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 133 fakt aşkarlanıb. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik, o cümlədən 18 kq 223,834 qram tiryək, 35 kq 628,38 qram marixuana, 33 kq 185 qram həşiş, 37 kq 717,571 qram heroin, 217,723 qram metadon, 198,567 qram kokain, 10 kq 159,986 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılıb. Faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb.

BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi vasitəsi ilə Türkiyə gömrük xidməti ilə aparılmış məlumat mübadiləsi nəticəsində 11 mart 2013-cü ildə İrandan Azərbaycana gələn "Skania" markalı KHK624/VV113 nömrə nişanlı avtomaşından 27 kq 500 qram heroin aşkar olunaraq saxlanılıb.

2013-cü il ərzində gömrük sərhəd-keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tətbiqi nəticəsində 18 fakt üzrə ümumilikdə 25 kq 32 qram narkotik vasitələr, o cümlədən 4 kq həşiş, 5 kq 560 qram tiryək, 210 qram heroin, 10 kq 800 qram metamfetamin, 462 qram marixuana, 4 litrdən çox metadon məhlulu aşkar olunub.

2013-cü il ərzində aşkar olunmuş 12128 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edilib. Göstərilən şəxslərə qarşı 1 milyon 255 min 121 manat cərimə tətbiq olunmaqla, dəyəri 199 min 108 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, müvəqqəti idxalı ilə əlaqədar olub.

Ötən il həmçinin gömrük orqanları tərəfindən rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22920 manat dəyərində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub.

Hesabat ilində həmçinin 11 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 675000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 9 ədəd elektroşok cihazı, 51 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 85978 ədəd ov silahlarının sursat və ləvazimatları, 161 kq barıt, 5 ədəd qaz silahı və 215 ədəd qaz silahı üçün patron, 19 ədəd pnevmatik silah və 4274 ədəd pnevmatik silah üçün sursat, 159 ədəd soyuq silah, 644 ədəd televizor, 2414 ədəd mobil telefon və 5228 ədəd telefon aksesuarları, 61481 manat dəyərində dərman vasitələri və külli miqdarda digər mallar tutulub. Aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 516520 ədəd xaricdə istehsal olunan siqaret, 1060 litr və 1867 ədəd spirtli içki saxlanılıb.


AzNews.az