Son iki həftədə 40 edam - İranda

Son iki həftə ərzində İranda 40 nəfər edam edilib. APA-nın məlumatına görə, bu barədə "Amnesty İnternational"ın (Beynəlxalq Əfv Təşkilatı) Orta Asiya və Şimali Afrika regionu üzrə baş direktor müavini Hassibə Hac Səhravinin yanvarın 16-da yaydığı bəyanatda qeyd olunub. Sənəddə bildirilir ki, təkcə bir həftə ərzində 33 nəfər dara çəkilib: "İranda yalnız 2014-cü ilin ilk ayının iki həftəsində bu qədər insanın edam edilməsi böyük narahatlıq doğurur. Bu, beynəlxalq arenada imicini dəyişmək istəyən İran hökumətinin cəhdlərini mənasız edir. Edam hər bir insanın hüququnun pozulması, onun ləyaqətini alçaldan qəddar və qeyri-insani bir cəza növüdür. Biz İran hakimiyyətindən ölkədə edamları dərhal dayandırmasını tələb edirik. Çünki təcrübə edamların sayının artmasının ölkədə baş verən cinayətlərin qarşısını almağa təsiri olmadığını göstərir".