Polis bölməsində intihara cəhd edən şəxslə bağlı RƏSMİ açıqlama- Yenilənib

Bakı sakini polis bölməsində özünü bıçaqlayıb.


Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 8-ci Polis Bölməsində qeydə alınıb.

Rayon sakini İlqar Nazim oğlu Aslanov bölməyə gələrək qonşusu, 1988-ci il təvəllüdlü Anar Nadir oğlu Rəsulov tərəfindən döyüldüyünü bildirib. Baş verən hadisə ilə bağlı A. Rəsulov bölməyə izahat verməyə çağırılıb. A. Rəsulov heç bir səbəb olmadan bölmənin giriş zalında özünə bıçaqla xəsarət yetirib. Nəticədə A. Rəsulov bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(22/01/2014: 12:12)

***

Bakıda polis bölməsində özünə bıçaqlayan şəxslə bağlı rəsmi məlumat yayılıb.

Bu barədə Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.

Yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib.

Bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə "Ləziz" kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib.

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib.

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.
Hazırda faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.



AzNews.az