Türkiyəli həkim Bakıda klinikada intihar etdi

Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində dəhşətli hadisə baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu Həsən Əliyev küçəsi 116 ünvanında yerləşən "Medistyle" klinikasında Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadəniz intihar edib.

H.Karadəniz xəstəxanada olarkən qoluna sistem aparatının iynəsini sancıb və bu yolla bədənindəki qanı bütünlüklə boşaldaraq intihar edib. Onun meyitini klinikada işləyən tibb bacısı aşkarlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, H.Karadeniz tibb sahəsində çalışırmış. O xeyli müddət imiş ki, "Medistyle" klinikasının baş həkimi Barat Yusifovla dostluq münasibətləri saxlayırmış. Bildirilir ki, bir müddət əvvəl Bakıya gələn türkiyəli həkimin öz ölkəsində xeyli problemləri varmış.

"Medistyle" xəstəxanasının baş həkimi Barat Yusifov açıqlamasında faktı təsdiqləyib. Baş həkim bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır: "Uzun müddət dostluq etdiyimiz şəxs idi. Bakıya qonaq gəlmişdi, burada da intihar edib".

Hadisə ilə bağlı cinayət işi açılıb. İntiharın səbəbləri və digər təfərrüatlar araşdırılır.

AzNews.az