Penitensiar müəssisələrdə heroin və tiryək aşkar edilib

Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanası və 15 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitələr aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 2 saylı İstintaq təcridxanasında saxlanılan Şəhriyar Qaraxan oğlu Bağırova xalası oğlu Nahid İlham oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Viceroy" markalı siqaret qutusunun içərisində kağıza bükülərək gizlədilmiş, xalis çəkisi 1.357 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ş.Bağırov Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Anar Lələkişi oğlu Hacıyevin əl-üz yuma otağında saxladığı çirkli paltarlarına baxış zamanı ona məxsus yun köynəyin cibindən bir ədəd sellofana bükülmüş xalis çəkisi 26.868 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

A.Hacıyev Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.


AzNews.az