Daha bir dəhşətli qəza: 3 ölü, 1 yaralı

Qaradağ rayonunda ağır yol qəzası baş verib. Hadisə Qobustan qəsəbəsi ilə Ələt qəsəbəsi arasındakı ərazidə qeydə alınıb. Dünən Saat 18.30 radələrində Bakı - Qazax - Gürcüstan istiqamətində hərəkətdə olan "Otoyol" markalı sərnişin avtobusu ilə üzü şəhər istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində sərnişin avtobusunun sürücüsü zərərsiz ötüşsə də, minik avtomobildə olan 4 sərnişindən 3-ü hadisə yerində dünyasını dəyişib. Bir nəfər isə ağır vəziyyətdə ərazidə olan sürücülər tərəfindən xəstəxanaya çatdırılıb.

Bakı şəhər baş polis idarəsindən AzNews.az-a bildiriblər ki, avtomobildə qalan sərnişinlərin cəsədləri dəmir parçaları arasından çıxarılıb. "Vaz-2106"da olanlardan yeganə şəxsiyyəti müəyyənləşən şəxs Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Rzayev olub. Hadisə yerindən yayınmağa çalışan sərnişin avtobusunun sürücüsünə gəlincə, onun 1948-ci il təvəllüdlü Məmmədov Xamməd Əbil oğlu olduğu müəyyənləşib.

Bahadur
AzNews.az