11:23
(077) 610-22-33

“Burdan çıxsanız sizi özüm öldürəcəyəm”- Öldürülən bank müdirinin anası

  • >
2 336 13 Oktyabr 2015 19:29 | Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, ötən prosesdə qəbul edilən otelin rəhbərliyinə kameraların quraşdırılması ilə bağlı sxemin təqdim olunmasına dair göndərilən sorğuya cavab verilməyib.

M.Səfərovun vəkili Cavid Rzazadə iki vəsatət verərək otelin rəsmi saytından götürülən məlumatda "Olympus" klubunun idman zalı yox, sağlamlıq mərkəzi olmasına dair məlumatın və peşəkar cüdo yarışlarında tatami üzərinə "boriska" ilə çıxılmasını sübut edən fotoların cinayət işinin materiallarına əlavə edilməsini istəyib. O bildirib ki, otel rəhbərliyinin Ruslan Əfəndiyevə qeyri-rəsmi əlavə səlahiyyətlər verməsi, Ruslanın özü tərəfindən tatami alınıb zala qoyulması və o tatami ilə bağlı öz qaydalarını tətbiq etməsi sonda belə bir hadisənin baş verməsinə səbəb olub.

S.Quliyevin vəkili Vasif İsrafilov bildirib ki, Ruslan Əfəndiyevin hadisə zamanı hərəkətləri xuliqanlıq xarakteri daşıyıb: "Amma cinayət işində onun bu hərəkətləri ictimai vəzifəni yerinə yetirmək kimi qiymətləndirilib".

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, hadisənin baş vermə səbəbi zərərçəkənlər və şahidlərin dindirilməsi zamanı təsdiqlənib: "O zalın idman ya sağlamlıq mərkəzi olmasının heç bir sübut əhəmiyyəti yoxdur. Vəsatətə isə etiraz etmirik".

Zərərçəkənin hüquqi varisi Gülsabah Əhmədovanın nümayəndəsi Samir Əliyev çıxış edərək bildirib ki, o sənədlər cinayət işinin materiallarına əlavə edilməlidir ki, onların sübut əhəmiyyəti olsun və hökm zamanı onlara istinad edilsin: "Bu sənədlərin isə heç bir sübut əhəmiyyəti daşımır. Mən vəsatətə etiraz edirəm".

Hakimlər yerində müşavirə edərək qərar veriblər ki, sənədlərin mənbəyinin mötəbərliyi müəyyən edilmədiyi üçün təmin edilməsin.

Bu zaman təqsirləndirilən Mövlud Səfərov hakimin qərarına replika ilə cavab verib: "Siz də təmin etməməkdən başqa heç nə bilmirsiz".

Hakim Səbuhi Hüseynov artıq ona bir dəfə xəbərdarlıq edildiyini bildirib. Təqsirləndirilən isə xəbərdarlığın onun üçün əhəmiyyət daşımağıdını deyib: "İstəyirsiniz 100 dəfə xəbərdarlıq edin, ədalətli qərar olmayandan sonra..."

Vəkil Cavid Rzazadə "Avropa" otelinin rəhbərliyinə binanın strukturu, idman zalının yerləşməsi, daxili dizaynı və texniki planının təqdim edilməsi barədə sorğu göndərilməsi üçün vəsatət verib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib: " Vəsatət əsassızdır və süründürməçilik üçündür. Texniki plan cinayət işi ilə bağlı nəyi dəyişəcək?"

Bu suala mərhum Azər Məmmədovun anası replika ilə cavab verib: "Azər diriləcək".

Təqsirləndirilən Sənan Quliyev isə əks təqdirdə özünü 20 il həbs olunacağını deyib.

Mərhumun anası Gülsabah Əhmədova artıq məhkəmə işinin uzanmasını istəmədiyini deyib:

"Bir həftə sonra oğlumun ölməyinin 6 ayı tamam olacaq. Oğlum artıq çürüyüb, indi sümüklərinə keçib. Hələ də qərar yoxdur. Siz də burada tatamidən, zalın neçə kvadrat olmasından danışırsız. Qərar verin çıxım gedim. Belə davam etsə mən "kislota" gətirib bunların üstünə tökəcəyəm. Siz əgər burdan çıxsanız sizi özüm öldürəcəyəm".


Hakimlər kollegiyası yerində müşavirə edərək müdafiə tərəfinin qaldığı vəsatəin baxılmamış saxlanıldığını bildirib: "Sübutların tədqiq olunması mərhələsində baxılar".

Vəkil Cavid Rzazadə şifahi vəsatət verərək hadisə anını əks etdirən videogörüntülərə ümumi baxış keçirilən zaman zərərçəkmişlərin və şahidlərin prosesdə iştirakının təmin edilməsini istəyib: "Onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi barədə özləri tərəfindən verilən ərizəyə etiraz edirik".

Hakimlər kollegiyası bu vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.
Bağla X