Gənclər və İdman Nazirliyi tələbələr arasında müsabiqə təşkil edir Gənclər və İdman Nazirliyi tələbələr arasında müsabiqə təşkil edir

Bu dəfə robortlar yarışacaq

Gənclər və İdman Nazirliyi tələbələr arasında müsabiqə təşkil edir



Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tələbələr arasında bu il növbəti müsabiqə təşkil olunur. Azərbaycanın gənc mühəndislər birliyi olan XMİB-in təşkil etdiyi bu yarışda bu dəfə yarışanlar tələbələr deyil, onların idarə etdiyi robotlarlardır. Bütün dünyada Xəttin İzlənməsi olaraq tanınan müsabiqənin əsas məqsədi gənclərdə kreativliyi inkişaf etdirmək və onlara müəyyən qədər ixtiraçılıq qabiliyyəti aşılamaqdır.

Müsabiqə zamanı tələbələr tərəfindən hazırlanan və idarə olunan robotların əsas vəzifəsi qara xətt üzrə mümkün qədər sürətlə hərəkət etməkdir. Xəttən kənara çıxan robotun cəhdi uğursuz sayılır. Vaxtın hakim tərəfindən qeydə alındığı müsabiqədə hər robota 3 cəhd verilir və bunlardan ən yüksək nəticə qeydə alınır. Ən yaxşı vaxt göstəricisi olan robot qalib sayılır.

Müsabiqədə iştirak etmək istəyən tələbələr ilk olaraq XMİB-in saytına (http://thecesworld.org/site/) daxil olaraq elektron ərizə formasını doldurublar. Tələblərə cavab verən 49 namizəd ikinci mərhələyə dəvət olunub. Növbəti mərhələ 2012-ci ilin noyabr ayında Xəzər universitetində baş tutub. Test üsulu ilə keçirilən mərhələdə namizədlərin məntiqi təfəkkürü, informasiya texnologiyaları və elektronika fənnləri sahəsindəki bilikləri yoxlanılıb. Bu mərhələni də uğurla keçən 20 tələbə müsabiqədə iştirak etməyə haqq qazanıb.

Qeyd edək ki, hazırda seçilmiş iştirakçılara peşəkar mütəxəssislər tərəfindən robot texnologiyası haqqında həm nəzəri, həm də praktiki təlimlər keçirilir. Məşğələlərdə robotun cihaz kontrolu, sensorları, mexaniki və elektrik hissələri haqqında informasiyaların verilməsi ilə yanaşı, müxtəlif dizaynlı robotların hissəciklərdən toplanması izah olunur. Müsabiqənin son mərhələsinin fevral ayının ortalarında baş tutması planlaşdırılır. Son mərhələdə artıq roboto-texnik biliklərə yiyələnmiş gənclərin komanda halında müstəqil şəkildə robot maşını dizayn və hazırlamaları tələb olunacaq. Verilmiş tapşırığı düzgün və birinci yerinə yetirən robot maşın sahibi olan komanda qalib gələcək. Qalibi mükafat gözləyir.

Kreativliyi və yeniliyi ilə fərqlənən AzRoboTex layihəsi həm tələbələr, həm də mütəxəssislər tərəfindən maraqla qarşılanıb. XMİB-in ofisində robot laboratoriyasının hazırlanması layihənin davamlı olacağını söyləməyə əsas verir. Robotex yarışmaları Türkiyədə, Rusiyada, Böyük Britaniyada, Yaponiyada, Cənubi Koreyada, ABŞ, Almaniya və digər ölkələrdə geniş şəkildə keçirilməkdədir. Gələcəkdə AzRoboTex qaliblərinin Azərbaycanı xaricdə robotex yarışmaları və festivallarında təmsil etməsi də əsas hədəflərdəndir.


AzNews.az