Azərbaycanda Ağbirçəklər Şurası yaradılır

"Ölkə üzrə Ağbirçəklər Şurasının yaradılması vacibdir və qadınların belə bir cəmiyyətə böyük ehtiyacı var". Bu fikirləri Modern.az-a açıqlamasında Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva deyib.

O, qeyd edib ki, sanki ağbirçəklər, yaşa dolmuş qadınlar unudulur: "Ağbirçəklərə diqqət ayırmaq üçün belə bir cəmiyyət olmalıdır ki, problemləri olan xanımlar ona müraciət edə bilsinlər. Bu gün gözümüzün önündə Azərbaycan qadınının rəmzi olan birinci xanımımız Mehriban xanım Əliyeva bizə örnəkdir. Ölkədə qadın problemləri ilə bağlı böyük proqramlar hazırlayır və bu da öz nəticəsini müsbət şəkildə göstərir. Respublika üzrə belə bir cəmiyyət yaransa, qadınların problemləri müəyyən qədər azalar. Biz məsələni yaxın zamanlarda həll etmək niyətindəyik".

Öz növbəsində Zərifə Quliyeva millət vəkili Fəttah Heydərovu Ağsaqqallar Şurasının sədri seçilməsi münasibətilə də təbrik edib.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Ağbirçəklər Şurasının yaradılması milli dəyərlərimizdən qaynaqlanır:

"Azərbaycanda ağbirçək və ağsaqqalın xüsusi rolu var. Bir neçə ildir ki, rayonlar üzrə Ağbirçəklər Şurasi fəaliyyət göstərir. Hesab edirəm ki, bu təqdirəlayiqdir. Respublika üzrə bu şuranın yaradılması vacibdir, çünki xalqımız üçün ağsaqqal, ağbirçək müqəddəs varlıqlar sayılır. Rayonlar üzrə bu şura 2008-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, respublika üzrə Ağbirçəklər Şurasının yaranması ləngiyir".

Bu günlərdə Ağsaqqallar Şurasını növbəti qurultayının keçirilməsinə diqqət çəkən millət vəkili deyib ki, hörmətli el ağsaqqalı Fəttah Heydərovun Respublika Ağsaqqallar Şurasının sədri seçilməsi hər kəsi sevindirdi: "Əminəm ki, respublika üzrə Ağbirçəklər Şurasının da iclası keçiriləcək və bu məsələ gündəmdən kənarda qalmayacaq. Məsələ həll olunacaq".

Qeyd edək ki, 20008-ci ildə Zərifə Quliyeva və bir neçə qadın Agbirçəklər Şurası təsis edib. Demək olar ki, bütün rayonlar üzrə belə bir qurum fəaliyyət göstərir.

AzNews.az