Obamanın 12 arvadlı qardaşı siyasətci olacaq




ABŞ prezidenti Barak Obamanın qardaşı Malik Obama siyasi fəaliyyətə başlayır. Prezidentin ata bir, ana ayrı qardaşı Kenyada bir əyalətin valiliyinə keçirilən seçkidə öz namizədliyini verib. Ölkənin 50 illik tarixində ən önəmli seçki kimi xarakterizə edilən seçkilər qanla yadda qalıb. Nəticələr hesablanmağa başlamazdan az öncə iki tərəf arasında qarşıdurma yaranıb və 12 nəfər həlak olub. B. Obamanın qardaşı Malik Obama isə bu arada təkcə siyasi rəqibləri ilə yox, həm də barəsində yayılan söz-söhbətlərlə mübarizə aparmaq məcburiyyətindədir.

Malik Obama budəfəki seçkilərdə 1 milyondan çox sakini olan Siaya vilayətinə rəhbərlik etmək iddiasındadır. Ötən həftə "Associated Press"ə müsahibə verən M.Obama Barak Obama ilə qardaş olmağın seçkinin nəticəsinə necə təsir edəcəyini bilmədiyini açıqlayıb. Bildirib ki, o, Barak Obamanın qardaşı kimi yox, sadəcə Malik Obama olaraq seçkidə namizədliyini irəli sürüb: "Adımdan və qardaşımdan qaça bilmərəm. Ancaq düşünürəm ki, insanlar Barak Obamanın qardaşını görmək istəyirlər".

Malik Obama siyasi karyeraya başlamazdan əvvəl özü barədə bir çox iddialarla gündəmi məşğul edib. İddiaların mənbəyi isə Malik Obamanın xanımlarıdır.

56 yaşlı Malik Obamanın 12 arvadının olduğu bildirilir. Onlardan ən kiçiyi Şeyla Anyanqo 17 yaşında olarkən Malik Obama ilə evlənib. Xanimları Malik Obamanın onlara qarşı zorakılıq etdiyini və onları döydüyünü bildirirlər.

"Daily Mail" qəzetinə müsahibə verən Şeyla indi 21 yaşındadır və Malik Obamanın ona qarşı qəddar olduğunu deyir. Qadının sözlərinə görə, özündən 35 yaş böyük olan Malik Obama ilə evlənməyi həyatının ən böyük səhvidir:

"Əvvəl mənimlə məsciddə danışardı. O zamanlar yaxşı adam idi. Amma sonradan çox dəyişdi. Onunla evlənmək həyatımın ən böyük səhvi oldu. Məni həm döyür, həm də pis sözlər deyir".

Şeylanın anası Mari Anyanqo da qızının söylədiklərini təsdiqləyib. Qadın Malik Obamanın Şeylaya qarşı olduqca pis davrandığını vurğulayıb: "Qızım şagird ikən gəlib məndən icazə belə almadan gizli planla evləndi. 3 min şilin verərək Şeylanı aldı".

Hazırda Malik Obamadan 1,5 yaşında Həfifə adlı qızı olan Şeyla həyatının 2 ilini Obamanın qardaşının digər 3 arvadi ilə birlikdə yaşayıb.

Obamanın digər xanımı 33 yaşlı Hafsa Abvanda da ondan şikayətçidir. O da Malik Obamanın onları döydüyünü bildirib. Məhz bu səbəbdən Hafsa Abvanda 2008-ci ildə 5 illik evlilikdən sonra onu döyən ərindən canını qurtarmaq üçün qaçaraq gizlənməli olub.

Elnarə Əlosmanqızı
AzNews.az