Tarixi süvari ocağının hazırkı sahibi Sabiha İzbeli: “Azərbaycanlılar bizim qardaşımızdır, bayrağınız qəlbimizin tacıdır” Tarixi süvari ocağının hazırkı sahibi Sabiha İzbeli: “Azərbaycanlılar bizim qardaşımızdır, bayrağınız qəlbimizin tacıdır”

400 yaşı olan ferma maraqlı turizm məkanına çevrilib - Fotolar

Tarixi süvari ocağının hazırkı sahibi Sabiha İzbeli: “Azərbaycanlılar bizim qardaşımızdır, bayrağınız qəlbimizin tacıdır”

Bu yaxınlarda Türkiyənin Kastamonu şəhərinə etdiyimiz səfərimiz çərçivəsində sadə və zəhmətkeş kənd camaatı ilə tanış olmaq, insanlarla ünsiyyət qurmaq istədik. Beləcə, Kastamonunun ən tanınmış ebesi (mamaçası), türklər demiş "namı” olan Sabiha İzbelinin evində qonaq olduq. Kastamonu əhli ona "ana”, "ebe” deyə müraciət edir. Çünki o zamanlar ginekoloqların az tapıldığı bu məmləkətdə Sabiha anaya müraciət olunar, o da evlərə gedərək uşaqların dünyaya sağlam şəkildə gəlməsi üçün əlindən gələni edərmiş. Bugünkü gənclərin çoxu dünyaya gəlmələrin köməyi olan Sabiha anaya minnətdardır. Ona görə bu məmləkətdə böyüyən hər kəs bayramlarda, özəl günlərdə bu ocağa - Sabiha ananın əlini öpməyə gəlir.

Kastamonu əhalisinin Sabiha anaya böyük hörməti və sevgisi var. O, öz əməyi və xoş rəftarı ilə hamının hörmətini, duasını qazanıb. Üzərindən illər keçsə də, ona ərməğan qalan evinin tarixiliyinə heç bir xələl gətirməyib. Bu evdə müasir texnika deyilən şey, hətta televizor belə yoxdur.

Tarix qoxan qapalı ferma

78 yaşı olmasına baxmayaraq, Sabiha ana bizi qapıda gülərüzlə qarşıladı. Nurani siması ilə adamı özünə valeh edən bu xanım deyilənlər qədər də varmış. Tarixi 365 il əvvələ söykənən bu bağ evinin ətrafında ikinci bir ev görmək mümkün deyil. Kastamonu-Ankara hava limanı istiqamətində yerləşən bu qapalı ferma təxminən 860 hektar sahəni əhatə edir. Arxası geniş meşəyə dayanan bu bağın həyətində nələr yoxdur, nələr...

Həyətdə qoyun, keçi, dovşan, qaz, ördək, - ev heyvanları dedikdə ağlınıza nə gəlirsə, hamısı ilə rastlaşmaq mümkündür. Qapıdan evə daxil olduğumuzda tam fərqli bir mənzərə ilə qarşılaşdıq. Evin içərisi indiyə qədər burada istifadə olunan əşyalarla bəzədilib. Burada antikvar əşyalarla bərabər, qədim silahlar, fermadakı tikililərin köhnə açarları xüsusi qayğı ilə saxlanılır.

Əvvəllər mamaça kimi məşhurlaşan Sabiha ana indi Kastamonunun turizm işçisi olaraq evinin qapılarını turistlərin üzünə açıb. Tarixdən bu günə ərməğan olan bu ikimərtəbəli qədim evdə köhnə masaların üzərinə ağ süfrə sərilib, süfrələrin tam mərkəzində böyük bir soba qoyulub. Bu evin nə plastik pəncərələri, nə də istilik sistemi var. Qədimdəki kimi, ev soba ilə isidilir. Qonaqlara təqdim edilən yeməkləri də Sabiha ana öz əlləri ilə bişirir. Hətta yayda müxtəlif turşular, kompotlar bağlayır, mürəbbələr bişirir. Qışda isə onları qonaqları üçün açır.

Sabiha ana həyətdəki toyuqların yumurtasından bizə qayğanaq bişirdi, yenicə sağdığı inəyin südünə qonaq etdi. Üstəlik, təndirdə bişən isti çörəyini də uzadıb "buyurun, bunu sizin üçün bişirmişəm” deyə, ev sahibi kimi qulluq etməyi özünə borc bildi. Süfrədə öz əlləri ilə hazırladığı mürəbbələri, yağı, pendiri dadmağın tamam başqa bir ləzzəti var idi. Bura gələn hər bir insan istər-istəməz, öz məmləkətini, kəndini xatırlayır. Sabiha ananın timsalında sanki hər kəs öz nənəsini görür, köhnə adət-ənənələri xatırlayır. O, evinə təşrif buyuran insanlara böyük sevgi ilə yanaşır. Qonaqlarına təqdim etdiyi mürəbbələrin nədən hazırlandığını və necə ərsəyə gəldiyini danışır, onların reseptini bölüşür.

Öyrəndik ki, Sabiha ananın təqdim etdiyi səhər yeməyi süfrəsi "Hürriyyət” qəzetində Türkiyənin ən yaxşı 10 yemək məkanı arasında yer alıb. O özü buna təəccüb edir, deyir ki, burada qeyri-adi heç nə yoxdur, bunlar Allahın bizə verdiyi nemətlərdir.

Ayaqda qalmağı bacaran tarixi məkan

Qonaqlarını yerləşdirdikdən sonra bizim süfrəyə təşrif buyuran Sabiha ana bu bağçalı evin tarixini və nə üçün Kastamonu əhalisi üçün bu qədər qiymətli olduğunu açıqladı. Bu evə 69 il əvvəl gəlin gələn Sabiha ana evin təxminən 400 ilə yaxın yaşı olduğunu, Osmanlı sultanı 4-cü Mehmet tərəfindən 365 il əvvəl otaqlı ailəsinə calaqlı sipahi (süvari) ərazisi olaraq verildiyini dedi.

IV Mehmet (Ovçu Məmməd) tərəfindən 1651-ci ildə İzbeli ailəsinə bağışlanmış, Osmanlı Ordusunda saysız-hesabsız qələbələrə imza atan süvarilər bu fermada dünyaya gəlib. Sultana aid fərman, əsrlərlə tarixini qoruyub saxlayan bu ferma kastamonulular üçün həm də bir muzeydir. Otaqların hər birində tarixin müxtəlif dövrlərini özündə əks etdirən əşyalar mövcuddur. Bu əşyalar Sabiha ana tərəfindən illərlə qorunub saxlanır. Hətta Atatürkün 1925-ci ildə Kastamonu ziyarətində istifadə etdiyi yataq örtüyü Sabiha ana tərəfindən Şəhər Tarixi Muzeyinə bağışlanıb.

Sabiha ana deyir ki, bura onun izmirli atasının qonaqlığıdır: "Tanınmış, köklü bir ailənin qızıyam. Sənəd üzərindən yaşımı çoxaltdılar və ginekologiya ixtisasını bitirtdim. Sonra Kastamonu Şəkər Zavodundan təqaüdə çıxdım. Daha sonra fermaya gəldim. Fermada də turizmə başladım. Bura tarixi bir məkandır. Türkiyədə ad dəyişmədən 400 ildir ayaqda qalan yeganə sipahi ocağıdır bura. Bu bizim üçün də Kastamonu üçün də şərəf duyulacaq bir şeydir”.

Sabiha ananın evində diqqətimizi çəkən bir məqam da divardan asılmış qədim xəncər və silahlar oldu. Oğlu Sərdar dedi ki, fermada sipahi ocağından qalma 10-a yaxın antikvar silah, ən azı 200 illik xəncər ilə yanaşı, müxtəlif əşyalar mövcuddur: "Bura əvvəllər əsgər ocağı olduğundan, bu silahlardan bizdə daha çox var. Onların bir qismi itib, bir qismi isə muzeyə verilib. Yerdə qalan isə divarda gördüyünüz bu silah və xəncərlərdir”.

Sabiha ana bu qədim ocağın necə turizm obyektinə çevrilməsini də bizə nəql etdi. Bildirdi ki, şəhərin başbilənləri ferma və içindəki malikanələri muzey olaraq saxlamaq istəsələr də, sonradan buranın turizm məkanı olaraq istifadə edilməsini məsləhət görüblər: "Əvəllər evimə gələnləri qonaq edirdim, həyətimdəki nemətlərlə onları qarşılayır və yola salırdım. Sonra məndən insanların bura daha rahat gəlməsi üçün fermanı turizm obyektinə çevirməyimi istədilər. Əvvəlcə tərəddüd etdim, axı mən pul qarşılığında necə insanlara xidmət edə bilərdim? Axır, məni yola gətirdilər. 2002-ci ildə fermanı turizm obyektinə çevirdik. Həmin ərəfələrdə heç kimdən pul almadım. İndi evimizdə yemək və yerli məhsullar veririk. Çox sayda yüksək səviyyəli qonaq da gələrək ferma və evlə tanış olur. Mən bura oturmağa, bağ-bağçada çalışmağa gəlmişdim. Bu işə güclə başladım, amma indi məni bu işə təşviq edənlərə təşəkkür edirəm. Çünki bir çox mükafatlar alıram. 17 ildir ki, burada yaşayıram. Əsas məqsədimiz Osmanlı dövründən olduğu kimi qalmış bu fermanı yaşatmaqdır”.

Sərdar bəy deyir ki, onlar burada heyvandarlıqla da məşğuldurlar: "Anam bu heyvanları buraya gələn uşaqların canlı şəkildə görməsi üçün saxlayır. Şəhərdən çox tez-tez qonaqlarımız gəlir. O uşaqların kənd həyatı yaşamaları üçün belə bir mühitin yaranması şərtdir. Uşaqlar böyük şəhərlərdə hətta toyuq da görə bilmirlər. Elə təkcə qoyun-quzunu, keçini görmək üçün gələn uşaqlar var”.

Səhər yeməyinə qonaq olduğumuz fermada "yalnız səhər yeməyimi verilir” deyə sual etdik. "Müştərilər bura hər zaman səhər yeməyinə gəlirlər. Süfrədə gördüyünüz nemətlərdən zeytundan başqa hər şeyi özümüz düzəldirik. İndi mənim gözüm yaxşı görmür. Ona görə bir neçə xanım işçi də tutmuşam, onlar mənim sağ və sol əlim kimidirlər. Əsas işi isə oğlum Sərdar görür” - deyə Sabiha ana cavab verdi.

Zamanın sınağından çıxan ferma

Açığı, tarixi bir evin yüz illərdir küləyə, zəlzələyə, qar-yağışa necə sinə gərdiyini və dimdik ayaqda qalmağına təəccüb etdik. Sabiha ana deyir ki, bu ev betondan daha çox dayanıqlıdır: "Zəlzələ vaxtı belə taxta tikililər hələm-hələm yıxılmaz. Bu vaxta qədər dayanıb, inşallah, bundan sonra da bir şey olmaz. Bu il təmir etdirəcəyik. 500 il qalan, xidmət göstərən belə evlər var. Əvvəllər burada gələn qonaqların qala bilməsi üçün hər otaqda bir şkaf, bir çarpayı və hər otağın özünün hamamı vardı. İndi əlbəttə ki, turizm olunca biz o otaqları boşaltdıq. Yalnız bir otaq belə qalır”.

Sabiha anadan 78 yaşı olmasına baxmayaraq, bu qədər qıvraq və təravətli qalmasının sirlərini də xəbər aldıq. Dedi ki, gənclik və gözəllik çox tez keçir. Bunun üçün də hər şeyi ürəyinizə salıb, dərd etməyin. Dərd etməkdənsə dua edin.

Sabiha ananın evində bizdən də bir yadigar qalması üçün qapıya - Türkiyə bayrağının yanına Azərbaycan bayrağı sancdıq. Sabiha ana bu bayrağın hər zaman Türk bayrağının yanında olaçağını və qardaşı qardaşdan aralı qoymayacağını dedi: "Azərbaycanlılar bizim qardaşımızdır, bayrağınız qəlbimizin tacıdır”.

Sonra bizə bu fermaya gələn tanınmış qonlaqların ürək sözlərini yazdıqları dəftəri uzatdı. Biz də dəftərə ürək sözlərimizi qeyd etdikdən sonra isti soba ətrafına cəmlənib, bir ailə ortamında yazdıqlarımızı oxuduq. Görünür, yazdıqlarımız Sabiha ananı razı salmışdı. Simasına o məşhur gülüşü qondurub, "övladlarımın sayının biri də artdı”- dedi. Biz də bir ana qazanmış olduq...

Xəyalə Rəis
kaspi.az

image description