13:26
(077) 610-22-33

Kişilər niyə xəyanət edir?

  • >
340 7 May 2013 17:50 | Maraqlı

Xəyanəti bağışlamaq olarmı?

"Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz".

Dahi Aristotel belə deyib. Ancaq bəzən yaşadığımız sevgi, məhəbbət biz istədiyimiz kimi olmur. Yəni, aldadırıq, aldanırıq. Bir sözlə, ya qadınlar xəyanətə məruz qalır, ya da əksinə. Bəs, insanları xəyanət etməyə vadar edən nədir?

Böyük rus yazarı Çexov deyirdi ki, xəyanət etmiş qadın iri və soyuq bir ət parçasıdı. Onu əlinə belə götürmək istəmirsən, çünki o artıq kiminsə əlində olub. Düşünürəm ki, xəyanətdə qadın-kişi alternativi qoymaq düzgün deyil. Çünki nəticə etibarilə, hər ikisi aldadır.

Kişilər niyə xəyanət edir?

Sevgi həyatımızın ən şirin, ən gözəl anıdır. Dahi Dostoyevskinin təbirincə desək, "məhəbbət o qədər güclüdür ki, bizi yenidən yaradır". Amma bəzən bizi yenidən yaradan məhəbbət, sevgi hissi ürəyimizi incidir, ağrıdır. Qəlbimizi incidən, unutmaq istədiyimiz, amma bəzən də unuda bilmədiyimiz xəyanət müxtəlif səbəblərdən yaranır. Qadınlara nisbətən kişilər daha çox xəyanət edirlər. Elə bu səbəbdən də, kişilərin xəyanət etmə səbəblərini araşdıraq:

1. Səliqəsizlik - Elə xanımlar var ki, bütün günü özlərilə məşğuldurlar. İşləyib-işləməməyindən asılı olmayaraq, günləri gözəllik salonunda keçir. Evləri isə səliqəsizlik, toz içindədir. Heç nə öz yerində deyil. Həyat yoldaşı işdən gəldikdə isə ürəkaçan vəziyyətlə qarşılaşmır və nəticədə kişi evinə gəlmək istəmir, bezir...Xanımlar, unutmayın ki, kişilər səliqəli qadınları sevirlər.

2. Bozbaş ətri-Yuxarıda yazdığım birinci səbəbin tam əksi. Yəni bəzi qadınlar çox yaxşı ev xanımlarıdır. Evləri səliqəli, təmiz, necə deyərlər "gül-çiçək içindədir". Amma özlərinə fikir vermirlər. Bütün günü mətbəxdə ərinə yemək bişirən xanımdan bozbaş ətri gəlir. Və həyat yoldaşı xanımına ancaq ev təmizləyən, xörək bişirən biri kimi baxır. Bu halda kişinin gözü çöldə-bayırda olur...Xanımlar, gözəlliyinizə fikir verin və onu qoruyun!

3. Dır-dır. Həyatda, cəmiyyətdə elə qadınlar var ki, həmişə nədənsə narazı olurlar. İstədikləri arzuların həyata keçməsinə baxyamaraq, yenə də deyinirlər və nədənsə narazıdırlar. Qadınların sonsuz, fasiləsiz deyinmələri kişiləri bezdirir, usandırır. Və kişi öz dərdini xanımı ilə bölüşə bilmir. Nəticədə gözü başqasını axtarır və təbii ki, tapır... Xanımlar, çox deyinib özünüzü kişilərin gözündən salmayın!

4. Diqqətsizlik-Bütün xanımlar diqqəti sevirlər. Həmişə sevdiyimiz insanlardan, xüsusilə, kişilərdən bizə qarşı diqqətli olmaqlarını tələb edirik. Və bu zaman unuduruq ki, kişilərin də qadınlarda olduğu kimi, diqqətə ehtiyacı var. Axı, onlar da diqqətə layiqdirlər. Qadın həyat yoldaşına onun həyatında necə vacib, dəyərli olduğunu hiss etdirməli, ona diqqət göstərməlidir. Kişinin işdəki uğurunu qadın qiymətləndirməli, dəyərləndirməlidir. Bir sözlə, kişilərə onların kişi olduqlarını hiss etdirmək olduqca zəruridir. Xanımlar, kişilərə qarşı diqqətli olun və eyni zamanda unutmayın: Hər bir güclü kişinin arxasında ağıllı bir qadın dayanır.

5. Mənasız həyat-Bəzən həyat eyni, cansıxıcı və mənasız keçir. Və bu daha çox qadınlara tez təsir etdiyindən, onlar da ərlərinə hiss etdirirlər. Bu halda kişi xanımından bezir, başqaları haqqında düşünür...Xanımlar, rəngarəng olun ki, kişilər diqqətini sizdən ayıra bilməsin!

6. İntim həyat- Bu haqda çox danışmaq istəmirik. Bircə onu deyək ki, qadınlar hər zaman gözəl, təmiz, arzuolunan və kişilərin istədiyi kimi olmalıdır. Xanımlar, məslətlərimizə qulaq assanız, heç də peşiman olmarsınız. Və kişilərin gözü həmişə sizi axtaracaq. Onların heç başqalarını düşünməyə vaxtları olmayacaq.

Sonda onu deyə bilərik ki, kişi-qadın heç biri xəyanət etməməlidir. Əgər arxada təmiz, saf məhəbbət varsa, heç bir tərəf aldatmaq haqqında düşünməz. Belə bir atalar məsələsi var: Deyirlər ki, həyat yoldaşına xəyanət etməyən yeganə insan Adəm olub. Həvvadan başqa bir adam olmadığı üçün. Belə çıxır ki, o zamanlar Həvvadan başqa qadın olsaydı, bəlkə də Adəm də xəyanət edərmiş. Həzrəti İsa deyib ki, xəyanətin böyüyü-kiçiyi olmur. Əgər, aldadıldığınızı hiss edirsinizsə, sadəcə həmin insandan uzaqlaşın. Onu bağışlayıb bağışlamamaqsa sizin ürəyinizdən, daxildə keçirdiyiniz hislərdən irəli gəlir.

Sevgimizi qoruyaq və xəyanətdən uzaq olaq! //azxeber//

AzNews.az
Bağla X