Argentinanı dəyişən qadının hekayəti Argentinanı dəyişən qadının hekayəti

Qulluqçu qızcığaz ölkənin birinci xanımı necə oldu?

Argentinanı dəyişən qadının hekayəti


Qadın gülərsə,şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.


H.Cavid


Dünyanın diqqətini çəkən, ciddi proseslərə nizam verən qadınlar az olmayıb. "Hər bir kişinin arxasında güclü bir qadın dayanır" ifadəsini "tapdayan", əvəzində "qadınlar kişinin arxasında deyil, onunla birgə, yaxud da ondan öndə addımlaya bilir" fikrini cəmiyyətə inandıran "zəif cins"in nümayəndələri kifayət qədərdir. Bu yazıda da istəyirəm, dünyaca məşhur, həm içtimai- mədəni, həm siyasi fəaliyyəti, həm də şəxsi həyatı daim maraq kəsb edən bir qadın barədə danışım:


Qeyri-rəsmi nikahın "meyvəsi"!


1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Juan Duarte və Juana İbargurenin ailəsində Yeva adlı bir qız dünyaya gəlir. Sonralar doğum tarixi nədənsə 1922-ci il 7 may tarixi, adı Mariya Yeva Duarte kimi göstərilir. Amma Xaç suyuna salınarkən qeydiyyat dəftərində Yeva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilir. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Yeva da belə bir əlaqənin "meyvəsi" olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Yeva bir yaşında olarkən Juan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi. Arxasında isə kasıb ailə 5 uşaq qoyub gedir. Ailədə hamı işləyib birtəhər yaşayırdılar. Yeva da varlı ailədə qulluqcu kimi çalışırdı.


Zəfər gedən yolda ilk addım!


Gənc Yeva yaşadığı həyata nifrət edirdi. Səbəbi isə cəmiyyətin varlılara və yoxsullara bölünməsi idi. Bəlkə də elə buna görə sonralar kasıbları ən çox müdafiə edən bir obraza çevrildi. 15 yaşı olanda anası onu tezliklə ərə verməyə və bununla da ailədə çörək yeyənlərin birinin sayını azaltmağa hazırlaşırdı. Yeva bu fikirdən çox uzaq idi. O, məktəbdə göstərilən teatr tamaşalarında həvəslə iştirak edir, müxtəlif konsertlərdə şirin səslə oxuyurdu. Xüsusilə, kinodan çox xoşu gəlirdi və yaşadığı yerə göstərilməyə gətirilən bir kinonu belə buraxmamağa çalışırdı. Məktəbdə keçirilən tədbirlərdən birində millətçi bir rolda oynayan Yeva, gələcək həyatını teatra və kinoya həsr etməyə qərar vermişdi. Bunun üçün isə bircə yol vardı: Buenos-Ayresə getmək. O vaxt Yevanın hələ 15 yaşı vardı. Ailəsinin icazəsini almadan, pulsuz Buenos-Ayresə yola düşdü. Amma bu səfər uğursuz nəticələndi və o geriyə, anasının yanına dönməyə məcbur oldu. Amma atalar demişkən, damardan çıxacaq qanı saxlamaq mümkün olmaz. Yeva da niyyətindən əl çəkmək fikrində deyildi. Ona görə də bu dəfə anası ilə birlikdə Buenos-Ayresə getdi və məhz anasının yardımı ilə bir radioda işə düzələ bildi.


"The Perezes Misses" və yeni üfüqlər!


Buenos-Ayresdə Yeva ilk dəfə "Comedias" teatrında tamaşaya qoyulan "The Perezes Misses" adlı tamaşada bir rolda oynadı. Bu, onun həyatında dönüş nötələrindən biri oldu: bir il sonra bu teatrla qastrol səfərinə çıxdı. Buna paralel olaraq, o, radioda səsləndirilən tamaşalarda da kiçik rollarda çıxış edirdi. Yeva yavaş-yavaş Argentinada tanınmağa başlayırdı. Şöhrətinin artdığını görən bəzi şirkətlər ona müəyyən iş təklifləri edirdilər. Belə təkliflərdən birini qəbul edən Yeva "Candilejas" adlı bir şirkətlə ölkənin əsas radiokanallarından olan "Radio El Mindo"da səsləndirilən radio tamaşalarında aparıcı rollarda çıxış etmək barədə anlaşma imzaladı. Bundan bir il sonra isə ölkədə çox populyar olan "Great Vomens of Histori" ("Tarixin böyük qadınları") adlı tamaşada əsas rollarda çıxış etmək barədə "Radio Bekgrano" ilə 5 illik anlaşma imzaladı. Yeva burada İngiltərə kraliçası I Yelizaveta və Rusiyanın son çariçasının obrazlarını canlandırdı. Bu da həm radioya, həm də Yevaya ölkədə böyük şöhrət gətirdi. 1943-cü ildə Yeva artıq ayda 6 min peso qazanırdı ki, bu da o dövrdə olduqca yüksək maaş sayılırdı. Yevanın kinoda çəkilməsi isə çox davam etmədi. Buna da səbəb onun çəkildiyi filmlərdən birində - "La Cabalgata del Crico"da baş rolda oynayan Libertad Lamargue oldu. Həmin filmdə Yeva Libertad Lamarguenın oynadığı yaşlı qadına qarşı düşmənçilik edən adi kəndli qızı rolunu oynayırdı. Fasilə zamanı Yeva yoldaşları ilə yemək yeyəndə Lamargue də oraya gəlib çıxdı. Yeva onu süfrəyə dəvət edəndə Lamargue: "Mən öz təbəqəmdən olan insanlarla oturub yemək yeyəcəyəm", - deyərək onun təklifini rədd etdi. Bu təhqiri Yeva ömrünün sonuna kimi unutmadı.


Həyatının sevgisi!


Yevanın həyatında ən böyük dönüş nöqtəsi Juan Peron ilə tanışlığı oldu. 1944-cü il, yanvar ayının 15-də Argentinanın San-Juan şəhərində güclü zəlzələ oldu. Bu zəlzələ 6 mindən artıq adamın həyatına son qoydu. Həmin zəlzələ zamanı Peron əmək naziri vəzifəsini həyata keçirirdi. Zəlzələdən zərər çəkənlərə kömək məqsədi ilə Peron bir yardım fondu qurdu və bütün sənət adamlarına, o cümlədən imkanlı şəxslərə bu fonda yardım etmələri üçün müraciət etdi. Yeva Juanla ilk dəfə bu yardım fondu ilə bağlı keçirilən kampaniya zamanı tanış oldu. Sonralar Yeva Peronla tanış olduğu gecəni fövqəladə bir hadisə kimi dəyərləndirmişdi. Peron isə Yeva ilə görüşdən çox təsirləndiyini söyləmişdi. Bir müddətdən sonra onlar birlikdə yaşamağa başladılar. Bu isə ölkədə sənətçiləri aşağı sinif hesab edən Argentinanın ali təbəqələrində böyük hay-küyə səbəb oldu. Çünki Peron heç nədən və heç kimdən çəkinmədən Yevanı özü ilə Nazirlər Kabinetinin toplantılarına aparır və yanında oturdurdu. Bunu isə elita həzm edə bilmirdi. Yevanı Nazirlər Kabinetinin toplantılarına aparması Juana baha başa gəldi: ona növbəti hərbi rütbə verməkdən imtina etdilər. Bunu görən Juan Yeva ilə evlənmək qərarına gəldi. Bu evlilik onları xoşbəxtlərin xoşbəxti etdi. Bir müddət Yeva ərinin təbliğatçısı kimi çıxış etdi. O, radiodakı çıxışlarında Juan Peronun uğurlarını teatrlaşdırılmış şəkildə dinləyicilərə çatdırırdı. Bu da Yevanın vasitəsi ilə Juanın daha da şöhrət qazanması və onun müdafiə naziri vəzifəsinə yüksəlməsi ilə nəticələndi. Amma Juanın müdaifə naziri olması onun həbsə gedən yolunu açdı. Peronun simasında güclü rəqibini görən əleyhdarları onun vəzifəsindən götürülməsinə və həbsə atılmasına nail oldular. Lakin xalq içində ər-arvadın nüfuzu o qədər çox idi ki, onlar xilas yolunu Peron-Yeva cütlüyündə görürdülər. Ona görə də xalq ayağa qalxaraq, küçələrə çıxdı və Peronun dərhal azad edilməsini tələb etdi. Nəticədə, hökumət Peronu həbsdən azad etməyə məcbur oldu.


Kasıbların birinci xanımı!


...Juan Peron 1946-cı ildə keçirilən seçkilərdə Argentina Prezidenti seçildi. Həyat yoldaşının prezdentliyi dövründə Yeva boş dayanmadı, kasıbların ən sevimli dostuna çevrildi. Yeva qadın hüquqlarını müdafiə edir,onların haqlarını təmin etməyə çalışırdı. Bunu nəticəsi olaraq 1947-cil ildə qadınlar ilk dəfə seçkidə iştirak hüququ əldə etdi. Rəsmi olaraq 1951-ci ildə qadınlar milli seçkilərdə iştirak etdilər. Yeva kasıb xalq üçün yemək,dərman, pul köməkləri və uşaqlar üçün yardım kampaniyaları təşkil edirdi. Bu yaxşılıqlar bitib tükənmirdi və Yeva hər keçən gün xalqın ən sevimli nümayəndəsinə çevrilirdi. Amma birinci xanım gənclikdə olanları unutmurdu. Lamarguenin: "Mən öz təbəqəmdən olan insanlarla oturub yemək yeyəcəyəm" cümləsi onun üçün baha başa gəldi. Lamargueyi qara siyahısına salaraq, onu təqib etdirdi. Nəticədə, Lamargue Argentinanı tərk edərək, Meksikaya qaçmağa və orada yaşamağa məcbur oldu.


"Xərçəng"ə məğlub olan Yeva Peron!


Amma heç bir xoşbəxtlik, heç bir şöhrət, ölmün qarşısını ala bilmir. Yeva 26 iyul 1952-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etdi. Yaşadığı illərdə qazandığı sevgi ölümündən sonra da davam etdi. Juan Peron sevimli qadınını xatırlayaraq: "Yeva Duarteyi bilərəkdən uşağım kimi qəbul etdim və onda ikinci mən yaratdım"- Həqiqətəndə onlar evlənən zaman Yeva 24, Juan isə 48 yaşında idi.


Evita!


Ölümündən sonra onun xatirəsinə "Evita Muzikali" təşkil olunub. Baş rolu Maddona və Antonio Banderas ifa ediblər. Bu rolda ifasına görə Maddona həmin il "ən yaxşı adın aktirsa" qadını alıb.


Hazırladı:

Səadət Abbaslı

AzNews.az