Bu idman növü ilə bağlı bilmədiklərimiz... Bu idman növü ilə bağlı bilmədiklərimiz...

Futbolla oynanılan oyunlar

Bu idman növü ilə bağlı bilmədiklərimiz...

İdman insanın özünüifadəsinin ən populyar formalarından biridir. O, insanın yalnız fiziki imkanlarının nümayişi deyil, həm də kütlə psixologiyasının tənzimlənməsində əsas rol oynayan subyektlərdən biridir. Bu baxandan futbolu bütün idman növlərinin şahı saymaq olar.


Futbolun tarixi


Futbolun harda və nə vaxt yarandığı dəqiq məlum deyil, çünki tarixə nəzər salanda görürük ki, ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrdə qədim Yunanıstan və Romada geniş yayılmışdı. Futbolun indiki halına bənzər oyunlar isə İngiltərəyə yalnız 16-cı əsrdə gəlib çatmışdı. Şəhərin küçə və meydanlarında 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladırdı. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. O dövrdə komandalardan birinin qalib gəlməsi üçün topun qapı xəttini keçməsi kifayət idi. Qapı xəttinin uzunluğu isə nə az, nə çox düz 400 metr imiş. Həmin vaxt nə stadionlar, nədə müasir futboldakı qayda qanunlar var idi. Bunun məntiqi nəticəsi idi ki, ziyalı təbəqənin bu oyuna qarşı antipatiyası mövcud idi . Hətta, 16-cı əsrdə ingilis yazıçısı Stabbes futbolu "özüylə qalmaqal, səs-küy, ədavət gətirən, qan çanağı" adlandırmışdı. Yazıçının digər müasiri isə futbolu belə xarakterizə edirdi: "Yanaqlar qançır, ayaq, əl və bel qırılmaları, çıxarılmış göz, qan içərisində olan burun - bax budur futbol".

Hətta bəzi dövrlərdə futbol təhlükəli məşğuliyyət də hesab olunub; futbolu "şeytanın hoqqası" adlandıran İngilis kralı 2-ci Eduard bu oyunu krallığın ərazisində qadağan edib. 1389-cu ildə kral II Riçardın dövründə isə futbol oynadığına görə adamlar ölümə məhkum edilirmiş. Bu qayda 1603-cı ilə qədər davam edib. Qaydalara uyğun ilk oyun isə 1681-ci ildə keçirilib. 19-cu əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb. Bu vaxt insan ölümünə belə, əhəmiyyət verilməyib.19-cu əsrin 20-ci illərində ilk dəfə futbol qaydalarının yaradılmasına cəhd olub. Amma oyunun ancaq ayaqla, yoxsa həm də əllə oynanılması ilə bağlı müzakirə mübahisə ilə başa çatıb. Nəhayət, uzun müzakirələrdən sonra 1848-ci ildə "Kembric qaydaları" meydana çıxıb. Amma 1863-cü ilə kimi bu qaydalara demək olar ki, heç kim əməl etməyib. Yalnız həmin il futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıblar. 1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc olunub. Və beləcə futbol dünyaya gəlib.


Futbolun psixoloji amilləri


"Futbol Ziqmund Freydin bəhs etdiyi ətraf mühit, eqo və super eqo arasındakı konfliktin ideal mühitini yarada bilən sferadır". Bu fikri ilk dəfə Britaniya idman fəlsəfəsi asossiasiyasının mütəxəssisi Mayk Makneymi öz elmi məqalələrində qeyd etmişdi. O, araşdırmalarının nəticəsində belə qənaətə gəlmişdi ki, bütün insanlar kimi futbolçular da eqosunu super eqonun tələblərinə çatdırmaqçün ətraf mühitlə (rəqib komandanın oyunçularıyla) rəqabət aparır. Komanda idarəedicilərinin (məşqçi , komandanın meneceri və s.) vəzifəsi odur ki, bu yolda ətrafda elə bir atmosfer formalaşdırsın ki, fərd və fərdlərin təşkil etdiyi komanda öz super eqosuna, yəni uğuruna çata bilsin. Bu yolda motivasiya, maddi və təbii şərait əhəmiyyətli rol oynayır. Makneyminin nəzəriyyəsini ilk dəfə praktikada tətbiq edən isə "Kemric" futbol klubunun sahibi Con Bek olub. Maraqlıdır ki, Con Bek oyunçularını qələbə əzminə inandırmaqçün soyunub - geyinmə otağındakı havanın tempraturundan tutmuş , oyunçuların ordakı fərdi şkaflarının rənginə kimi hər şeyə diqqət edirdi. O hətta oyunçuları qələbəyə kökləmək üçün fərdi şkafların qapılarında oyunçuları həvəsləndirən ismarıclar cızırdı. Futbolun psixologiyaya təsiri isə bundan xeyli sonra – 2002 –ci ildə İngiltərə Futbol Federasiyası tərəfindən ciddi şəkildə araşdırılmağa başlayıb. Həmin ildə federasiya futbolçuların düşüncə tərzinin oyuna təsir əmsalını ölçmək üçün Futbol Psixologiyası adlı kurs təşkil etmişdi.


Siyasi futbol


Beynəlxalq səviyyəli siyasi məsələlərin bəzən məhz futbol vasitəsilə həll olunduğu barədə kifayət qədər faktlara rast gəlmək olar: 1914 –cü ildə ( I dünya müharibəsi ərzində) İngiltərə və Almaniya orduları Fransada müharibə apararkən atəşkəs elan edib öz aralarında futbol matçı keçiriblər; 1966-cı ildə Nigeriyanın Biafre şəhərində - vətəndaş müharibəsinin getdiyi vaxtda tərəflər Pelenin iştirakıyla keçirilən futbol matçına sakit baxmaq üçün atəşkəs elan eləyiblər;

1969 –cu ildə Honduras və Salvador ölkələri arasında yaranan siyasi böhranda da futbol "öz sözünü deyir". İki komanda arasındakı dünya çempionatına çıxmaq üçün təyin olunan seçmə oyundan sonra azarkeşlər arasında münaqişə yaranır və nəticədə Salvadorlu immiqrantlar xeyli itki verir. Bu intriqadan sonra 130 minə qədər salvadorlu immiqrant Hondurasa qaçır. Çox keçmədən Salvador hərbi qüvvələri Honduras ərazisinə hücum edir ki, bu müharibədə iki minə qədər honduraslı dinc sakin həlak olur;

1990 –cı ildə Zaqreb "Dinamo"-suyla "Serevena Zvezda" komandalarının matçı siyasi konflikt ucbatından yarımçıq saxlanıb. Serb oyunçular canlarını yalnız vertolyota minib qaçmaqla qurtara biliblər;

Mütəxəssislər Almaniyanın birləşməsində də futbolun əsas rol oynadığını bildirir. Məhz həmin ildə Almaniya futbol üzrə dünya çempionu keçirilmişdi...

Kot –D` İuvar dövləti daxilində 1999-cu ildən gedən milli-etnik münaqişələr və dövlət çevrilişləri məhz milli komandanın 2006 –cı ildə dünya çempionatındakı uğurlu çıxışından sonra səngiyib. Belə misalların sayını istənilən qədər artırmaq olar, ancaq fikrimizcə, bu kifayətdir. Son olaraq onu qeyd edək ki, insanlar heç də, "yumru bir əşyanın nizamsız hərəkətinə" pulunu və enerjisini sərf etmir. Oyun heç də həmişə sadəcə oyun deyil: oyun həm də böyük, nizamlı, "çoxkünclü" OYUNLARın tərkib hissəsi, hərəkətverici qüvvəsidir....

Şahlar Ruhi

AzNews.az