Rezidenturaya qəbulun tarixləri dəyişdirildi

Azərbaycanda rezidenturaya qəbul imtahanlarının tarixləri dəyişdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, rezidenturaya qəbul qaydalarına əsasən, qəbul imtahanı ötən illərdə olduğu kimi, bu il də iki mərhələdə test üsulu ilə keçiriləcək. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək.

İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək.

İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

Ötən ildə olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.

Qeyd edək ki, artıq TQDK tərəfindən "Rezidentura" jurnalının 1-cı sayı çapdan çıxıb.

AzNews.az