Onlayn satışlarda bizi kimlər aldadır? - ARAŞDIRMA

İndi Bakıda başı internetdən çıxan və ingilis dilini bilən gənclərin çoxu yerli butiklərdən mal almır.

"Mən yoldaşıma da, özümə də paltarları onlayn ticarət vasitəsi ilə alıram. Yerli butiklərə getməyə dəyməz. Əksər butiklərdə bir il-il yarım qabağın modelləri iki-üç dəfə baha qiymətə satılır. Mənə elə gəlir ki, həmin malları milad və yay endirimlərində ucuz qiymətlərlə alırlar.

Ucuzlaşımış qiymətlə 20 dollara aldıqları paltarı 100 dollara təzə kimi mağazaya yerləşdirirlər. Əksər brend şirkətlərin saytında Azərbaycanın adı yoxdur, belə olan tərzdə bizdəki butiklər hansı əsasla çalışır? Buna görə də mən birbaşa brendlərin öz saytlarına müraciət edirəm və endirim satışlarından yararlanmağa çalışıram", - deyə 28 yaşlı Lamiyə Əsgərova anspress-in əməkdaşı ilə söhbətində bildirib.

Amma Bakıdakı gənclərin heç də hamısı Lamiyə kimi düşünmür və əksəriyyəti onlyan satışları təhlükəli iş sayırlar. "Biz bir dəfə sınadıq, həddindən böyük ölçülü paltar göndərdilər, bilmədik nə edək. Ödədiyimiz 150 manat havaya uçdu. Butikdə isə "soğan olsun, nağd olsun" məsəlidir. Yəni gedib yoxlayırıq, xoşumuza gəlir, götürürük", - bu, 30 yaşlı Hafizin fikridir. Gənclərdən başqa birinin dediyinə görə, 500 manata telefon sifariş edib və bağlamadan 4 ədəd mıx çıxıb: "Bilmədik kimə müraciət edək, pulumuz batdı. Şirkət yazdığımız məktublara belə, cavab vermədi". Bütün bunlar xarici onlayn ticarət saytları ilə bağlı edilən şikayətlərdir.

İndi Bakı ailələrində yerli onlayn satış saytları ilə də bağlı problemlər yaşanır. Bu saytlar əslində uduşsuz qumar oyunu kimi iş qururlar. Məsələn, 15 manata yumurta qıran, nə bilim iynə saplayan və s. kimi evdar qadınları çox cəlb edən təkliflər edirlər. Mal ələ təhvil verildikdə isə həmin 10-15 manatın mənasız və lazımsız bir əşyaya verildiyi aydın olur. Lakin bu, yerli onlayn satış şirkətlərindən edilən yeganə şikayət deyil.

Azərbaycan Azad İstehlakçılar Birliyindən (AAİB) verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bəzi onlayn satış şirkətləri vətəndaşların pulunu alsalar da, onun qarşılığında mal vermirlər. "Bizə onlarla şikayət daxil olub və biz bu barədə lazımi orqanlara məlumat vermişik", - deyə təşkilatın sədri Eyyub Hüseynov bildirir. Onun sözlərinə görə, 2005-ci ildən ölkədə onlayan ticarət haqqında qanun qəbul edilsə də, onlayn satışla məşğul olan şirkətlərin çoxu vergidən kənar fəaliyyət göstərir. "Bu cür mal satan şirkətlər qəbz vermir, qeyri-qanuni fəaliyyət göstərir, müştərini aldadır və s." deyən Eyyub Hüseynov bəzi şirkətlərin isə xarici onlayn satış şirkətlərindən əldə etdiyi malların üstünə faiz qoyaraq pul qazandığını bildirir.

Bu fikri gənc Bakı sakini Lamiyə Əsgərova da təsdiqləyir. Onun sözlərinə görə, yerli onlayn satış şirkətləri vasitəçi kimi çıxış etdiyinə görə, eyni mal onlarda 20-30 faiz baha çıxır: "Mən yalnız qərb onlayan satış şirkətləri ilə işləyirəm". Onun sözlərinə görə, tanınmış onlayn hərrac qurumlarının xüsusi qaydaları var ki, həmin qaydalar müştərini alldatmağa imkan vermir. "Onlayn hərrac qurumlarında tanınmış brendlərlə yanaşı, adi vətəndaşlar da akkaunt aça bilərlər. Yəni aldanmaq şansı az deyil. Lakin həmin şirkətlərin qaydalarına görə, müştəri 2 ay müddətinə şikayət edə bilər və bu zaman satış tərəfi məktuba cavab verməzsə, onlayn hərrac şirkəti avtomatik olaraq onun hesabından pulu çıxararaq müştərinin hesabına keçirir. Amma istənilən halda bu cür problemlərdən qaçmaq üçün məşhur brendlərin özü ilə birbaşa alış-veriş etmək daha məsləhətdir. Mənə bir dəfə 37 ölçü əvəzinə 38 ölçü ayaqqabı göndərmişdilər, tez özlərinə yazdım ayaqqabını geri qaytarmaq pulunu da öz boyunlarına götürdülər və dəyişdilər", - deyə Lamiyə bildirir.

Gənc evdar qadın bu məsələdə aldanmamaq üçün bəzi sirləri də anspress oxucuları ilə bölüşür: "Bizim poçt sistemi yaxşı işləmir və adətən malı 2,5 aya gətirir. Ona görə də mən 2 aya bir neçə gün qalmış şirkətlə yazışmağa başlayıram, onlara başa salıram ki, mal hələ gəlməyib. Tanınmış brendlərin də öz qaydaları var, belə olan halda pulu geri qaytarır və malı aldıqdan sonra təkrar ödəniş etməyi Xahiş edir. Bu məsələdə bizim bəzi vətəndaşlarımız möhtəkirlik edirlər və təkrar ödəniş etmirlər. Buna görə də bir çox şirkətlər Azərbaycanla işləmək istəmirlər, aldanmaqdan qorxurlar".

Göründüyü kimi, onlayn ticarət Azərbaycan vətəndaşları üçün elə də yad bir prosedurlar deyil, bəzi həmvətənlərimiz bu işdə hətta asan pullar qazanmağı da bacarırlar. Amma bu məsələnin ən arzuolunmaz tərəfi yerli şirkətlərin bu ticarət prosesindən kənarda qalmasındadır. Yəni yerli butiklər, şirkətlər və ticarət evləri də onlayn ticarət növündən istifadə etməklə müştəri bazasını genişləndirə bilərlər. Üstəlik, bu ticarətdən ödənilən vergilər Azərbaycan büdcəsinə oturar ki, bu da ölkə pensiyaçılarının, müəllimlərinin və büdcədən maaş alan digər insanların dolanışığına əlavə bir yardım olardı.

Amma araşdırmaya görə, yerli şirkətlər hələ ki, bu cür ticarət növünə hazır deyillər. "Bizə müraciətlər çox olurdu və biz onlayn vasitəsi ilə ticarət sistemi qurmağa cəhd etdik. Alınmadı, çünki bəzən alıcı malı seçirdi və pulunu ödəyirdi, biz malı göndərmək istəyəndə anbarda olmadığını və bir daha gətirilməyəcəyini aşkar edirdik. Ona görə də salonda ticarətlə kifayətlənməli olduq", - deyə Bakıda elektron malları satan iri ticarət evinin təmsilçiləri bildiriblər.

Bu kimi nüansları nəzərə alan Eyyub Hüseynov da məsələyə diqqət yetirməyin vaxtı çatdığını bildirir. "Hökumət bu sektora xüsusi diqqət yetirməli, bu cür ticarət prosedurlarının genişlənməsi üçün şərait yaratmalıdır. Həm də bu sahədə fəaiyyət göstərən bütün qurumları vergi nəzarəti altına salmalıdır ki, milyonlarla manat vəsait büdcədən yan keçməsin. Bu barədə biz öz təkliflərimizi İqtisadi İnkişaf Nazirliyinə vermişik", - AAİB sədri vurğulayır.(anspress)