BDU MDB ali məktəblərinin reytinq siyahısında

"Ekspert RA" reytinq agentliyi MDB-yə üzv ölkələrin ən yüksək səviyyəli universitetlərinin siyahısını açıqlayıb.

Reytinq siyahısına 153 ali məktəb daxil edilib ki, həmin universitetlər A-dan E-dək 5 kateqoriyaya ayrılıb . Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Qırğızıstan universitetlərinin adı olan siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universiteti 40-cı pillədə yer alıb.

Reytinq siyahısı statistik göstəricilərlə yanaşı, 5,5 min respondentlə (müəllimlər, alimlər, tələbələr, məzunlar və digər əməkdaşlar) aparılan sorğu nəticəsində tərtib edilib.

Qeyd edək ki, kateqoriyalara bölünmə zamanı MDB ölkələri universitetlərində Boloniya prosesinin tətbiqi əsas götürülüb və BDU-nun bu istiqamətdə bakalavr-magistr hazırlığı qənaətbəxş hesab edilib. Ermənistan və Gürcüstan universitetləri siyahıda yer ala bilməyib.

AzNews.az