A, B, C – biri tükənsə... - Yaz depressiyasından necə çıxmalı?

Yazın gəlişi insan orqanizminə də təsirsiz ötüşmür. Həm atmosfer təzyiqi, həm havadakı rütubət, həm də ki, maqnit burulğanları öz mənfi təsirini göstərir. Soyuq havaların anidən dəyişməsi və isti hava ilə əvəz olunması insanda halsızlıq, yorğunluq, yuxusuzluq, diqqətsizlik və əzələ ağrıları yaradır.

Fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlının sözlərinə görə, yaza keçid dövründə insan orqanizmində hormonal balansda dəyişiklik olur. Yəni, orqanizmdəki vitaminlər tükənir. Xüsusilə A, B və C qrup vitaminlərə daha çox tələbat olur. İnsulin hormonunda və qalxanvari vəzdə olan dəyişikliklər daha qabarıq şəkildə üzə çıxır. Və yaz yorğunluğu bu xəstələrdə özünü daha çox büruzə verir. B vitamini çatmadıqda isə, eşitmə və görmə qabiliyyəti zəifləyə bilər. Bu vitaminlərlə hormonal balansı düzəltdikdə insan yorğunluq simptomundan çıxır və tədricən bu fəslə adaptasiya olur.

Yaz depressiyasından çıxmaq üçün həkim məsləhəti

Qış fəslindəki hərəkətsizlik və oturaq həyat tərzi artıq kiloların yaranmasına səbəb olur. Yazdan çıxar-çıxmaz isə insanlar pəhrizlərə üz tuturlar. Qidalanma rejimini pozaraq arıqlamağa çalışmaq maddələr mübadiləsini pozur, orqanizmin enerjisini tükədir və yaz yorğunluğunun dərinləşməsinə səbəb olur. Buna görə də, xüsusilə yaz aylarında pəhriz saxlayarkən, daha vitaminli ərzaqlara üstünlük verin.

Maye qəbul edin

Sağlam qidalanmaq üçün hər gün 2-2,5 litr, yəni 10-12 stəkan su içmək lazımdır. Həkimlər bitki çaylarına üstünlük verməyi məsləhət görürlər. Gün ərzində tez-tez və az-az qida qəbul edin. Ağır yeməklərdən uzaq olun. Qovurma, qızartma kimi yeməklər insanda yorğunluq hissi yarada bilər.

Hansı qidaları qəbul etmək məsləhətdir?
Təzə meyvə - tərəvəz və göyərti qəbul edin. Bir gündə ən az 5 dəfə meyvə-tərəvəz yeyilməlidir. Salatlara üstünlük verin. Meyvə və tərəvəzlərin növbənöv olması məsləhətdir.

Orqanizmi gücləndirən, xərçəng xəstəliyinə tutulma riskini azaldan antioksid tərkibli A, C, E vitaminli bitkilərdən istifadə edin.

Kök, qaysı, qovun, ispanaq, tərə, cəfəri, balıq, yumurta kimi A vitamini ilə zəngin qidalar orqanizmi gücləndirir.

Yağlı toxumlar, yaşıl yarpaqlı göyərtilər, bitki yağları E, bibər, çiyələk, brokkoli, kivi, cəfəri isə orqanizmi C vitamini iə təmin edir.

Ət, balıq, süd, yumurta, dəniz məhsulları, soğan, göbələk orqanizmin minerallara olan tələbatını ödəyir.

Beləkilə, sağlam qidalanma rejimi ilə yaz yorğunluğundan azad ola bilərsiniz. Hər gün 30-45 dəqiqə sürətli gəzmək isə, bədəni formada saxlayır.

Nigar Etibar
AzNews.az