Oturaq işdə çalışanlar necə arıqlaya bilərlər?

Günü-gündən inkişaf edən texnologiyalar bir tərəfdən insanların həyatını rahatlaşdırırsa, digər tərəfdən az qala hərəkətsiz yaşamağına gətirib çıxardır. Bu isə ürək və qan damar sistemindən tutmuş şəkər xəstəliyinə qədər bir çox problemlərə səbəb olur. Hərəkətsizliklə yanaşı yanlış qidalanma da bu xəstəliklərin yaranmasına təkan verən amillərdəndir. Buna görə də oturaq həyat tərzi keçirənlərə bəzi qaydalara əməl etmələri məsləhət görülür.

AzNews.az xəbər verir ki, məşqçi Ceyhun Vəliyev axşam.az-ın əməkdaşı ilə söhbətində həmin qaydalardan danışır:

"Hər nə qədər texnologiyanı və son dövrlərdəki qidaları günahlandırsaq da, insanların özlərinin də qida seçimində səhvlərə yol verməsi bu problemlərin başlıca səbəbləridir. Trenajor zallarına müraciət edən insanların əksəriyyəti qarın hissəsindəki yağlardan əziyyət çəkir. Onların çoxu oturaq işlə məşğul olanlardır. Həmin insanlar idmana başlayanda artıq çəkidən xilas olacaqlarını düşünürlər. Təbii ki, idmanın nəticəsini görəcəklər. Amma idmanla yanaşı qidaya da diqqət etmək lazımdır. Qısa zaman çərçivəsində əvvəl sulu, ardınca isə quru yemək qəbul etmək qidalanma zamanı yol verdiyimiz ən ciddi səhvlərdən biridir. Artıq ənənəyə çevrilmiş bu hal əslində mədənin iş prinsipini pozur. Həmçinin yemək vaxtı çox su içmək də orqanizmə ziyandır. Bu həzm şirəsini zəiflədir. Yeməkdən sonra dərhal çay içmək, şirniyyat, yaxud meyvə yemək də doğru deyil".

"BU XƏRÇƏNG XƏSTƏLİYİNİN YARANMASINA SƏBƏB OLUR"

"Meyvə tez həzm olunduğu üçün yeməkdən dərhal sonra qəbul ediləndə mədədə çürüyür. Hətta bu, xərçəng xəstəliyinin yaranmasına gətirib çixarır. Diyetoloqların, məşqçilərin məsləhət gördüyü pəhrizlər insanı ac saxlamaqdan ötrü deyil, düzgün qidalanmalarına kömək etmək üçündür. Bəzi insanlar gün ərzində cəmi bir dəfə yemək yeyirlər. Bu da yanlışdı. Səhər yuxudan qalxanda mütləq səhər yeməyi yemək vacibdir. Çünki gecə ac qalan orqanizmdə böyrəküstü vəz kortizol adında hormon buraxır. Kortizol isə piylə qidalanmır, yəni ac qalmaq piylərin yanmağına kömək etmir. Belə qənaətə gəlinir ki, problem ancaq oturaq həyat keçirməyimizdə deyil, həm də düzgün qidalanmamaqdır. Oturaq həyat keçirən və idman zalına getməyə vaxt tapmayan insanlara axşam işdən sonra parklarda yüngül yürüş etməyi məsləhət görürəm. Eyni zamanda ofis daxilində yüngül aerobika hərəkətləri və evdə press etmək də faydalıdır".

AzNews.az