13:32
(077) 610-22-33

Sevgi pəhrizi: partnyorun ürəyini necə qidalandırmalı

  • >
9 516 27 Avqust 2014 10:18 | Maraqlı

AzNews.az Barbara de Anjelisin “HƏR BİR KİŞİNİN BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR“ kitabını ixtisarlarla,

hissə-hissə təqdim edir. Məhəbbət, seks və qarşılıqlı münasibət haqqında olan bu əsərdə ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır.

Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.



***
İndi isə "sevgi pəhrizi"ndən danışaq. Mən partnyorun ürəyini qidalandırmağın çox asan yolunu işləyib hazırlamışam. Bu bizə yataq otağından kənarda da ideal sevgili olmağa kömək edəcək. Bu sadə, sevincək və əsaslı şəkildə münasibətinizi dəyişdirəcək.
Partnyorun ürəyini qidalandırarkən onu "emosional qidalanma elementlərinin" heç birindən məhrum etməməlisiniz. Bu elementlər hansılardır? Bu – diqqət, bağlılıq və anlayış göstərməkdir. Bu elementlər, partnyorumuzun ürəyi üçün lazım olan sevgi pəhrizinin əsas tərkib hissəsidir.

Sevgi pəhrizinin əsas elementləri
1. Diqqət
2. Bağlılıq
3. Anlama

– Sevgi süfrəsi. Partnyorunuza gündə üç dəfə "sevgi yeməyi" lazımdır. Sevgi yeməyi nədir? Bu, partnyorunuzun ürəyini artıq müzakirə etdiyimiz menyuya uyğun olaraq diqqət, bağlılıq və anlayışla qidalandırmanız lazım olan üç dəqiqədir. Mən bunu 3x3 formulu adlandırıram: gündə üç dəfə hər biri üç dəqiqə olmaqla partnyorunuzun ürəyini sevgi pəhrizinin bu elementlərilə qidalandırın. Bunu üç dəqiqəlik yaxınlıq hesab edin. Bu üç dəqiqə yataqdan qalxmazdan əvvəl və ya iş günü ərzində telefonla danışmaq, ya da uşaqlar yatmağa getdikdən sonra da ola bilər. Bu elə sevgi yeməyi deməkdir. Səhər, günorta və axşam yeməyə ehtiyacınız olan kimi sizə həmçinin 1, 2 və 3 saylı yeməklər də lazımdır!
– Sevgi məzəsi. Doyunca səhər yeməyi, nahar və şam etmiş olsanız da, gün ərzində arada ağzınıza bəzi şeylər atırsınız. Partnyorunuzun ürəyinə də eyni qidalanma lazımdır. 3x3 formulu heç də gün ərzində sevgi məzəsini istisna etmir.
Sevgi məzəsi nədir?
● Evdən çıxarkən yanağından və ya boynundan öpmək.
● "Səni sevirəm" demək üçün telefonla zəng etmək
● Komplimentlər: "Bu gün çox gözəl görünürsən"
● Sevgi ifadə edən baxış və ya təbəssüm
● Çantaya qoyulmuş sevgi məktubu, mobil telefona göndərilmiş qısa məlumat
Siz artıq sevgi pəhrizinin əsaslarını bilirsiniz. Onların tərkib hissələrilə tanış olmağın vaxtı çatıb.


1. Diqqət

İnsanı çox istədiyi sevgidən məhrum etməyin əsas yolu ona kifayət qədər diqqət verməməkdir. Bu səbəbdən də diqqət - "sevgi pəhrizinin" əsas elementi hesab edilir.
Tərəf müqabilinizə diqqət vermək – yalnız onunla olmaq, başqa işlə məşğul olmamaq, televizor seyr etməmək, poçtu nəzərdən keçirməmək, kompüterin monitoruna ötəri nəzər salmamaq deməkdir. Heç olmasa, bir neçə dəqiqəlik diqqətinizi yalnız ona yönəldin. Gözlərinin içinə baxın. Hal-əhval tutun. Ona qulaq asın. Qucaqlayın. Bu diqqət təsəvvür etmədiyiniz dərəcədə ona əzizdir.
Sevdiyiniz qadına onun sizin üçün gərəkli olduğunu, ona dəyər verdiyinizi və dünyada onun əvəzedilməz olduğunu söyləyin. Gündə üç dəfə və hər biri üç dəqiqəlik olmasına baxmayaraq, bu onun üçün əsl diqqət olacaq.


2. Bağlılıq

Minlərlə qadına belə bir sual verdim: "Siz sevgilinizlə eşqlə məşğul olmağa, yoxsa onunla qucaqlaşmağa üstünük verərdiniz?" Bilsəniz cavab necə oldu? Demək olar ki, 80% qadın sekslə məşğul olmaqdansa, qucaqlaşmağa üstünlük verir! Kişilər bu statistikadan heyrətə düşdülər, daha doğrusu, məhv oldular. Ancaq qadınlar fikirlərini tamamilə aydın ifadə etdilər. Qadınların çoxu kişinin seksual deyil, fiziki diqqətini cəlb etməyə çalışır.
ağlılıq dedikdə gün ərzində üç dəqiqə partnyorla fiziki əlaqəni nəzərdə tuturam. Əlindən tutun, qucaqlayın, öpün, saçını sığallayın, bir sözlə, fiziki cəhətdən yaxın olun.

3. Anlama

Kişilər, siz sevgi və qayğınızı əməllərinizlə deyirsiniz. Ancaq qadınlar çox vaxt sevgi və qayğını sözlə necə ifadə etmənizi eşitmək istəyir.
Qadınlar təbiətən kişilərə nisbətən daha çox verbaldırlar. Onlar üçün eşitmək çox vacibdir. Sevdiyinizi və anladığınızı bilməmiz bizim üçün kifayət deyil. Bunu necə dediyinizi eşitmək istəyirik. Bizə sözləriniz lazımdır. Anlama və sevginizi necə ifadə edə bilərsiniz?

● Bizi sevdiyinizi söyləyin.
● Sizin və ailəniz üçün etdiklərinizi dəyərləndirdiyinizi söyləyin.
● Bizə heyran olduğunuzu söyləyin.
● Bizə minnətdar olduğunuzu, bizimlə yan-yana olmanızın gözəlliyini söyləyin.
● Bizimlə fəxr etdiyinizi söyləyin.



***

Qadınların əksəriyyəti sevgi aclığı keçirdikləri üçün kənarda təsəlli axtarmağa başlayıblar. Onlara daimi partnyorun diqqəti, bağlılığı və anlayışı yetərincə olmadığından, bunları başqasında axtarmağa məcbur qalırlar.
Əlbəttə, bu vəfasızlığa haqq qazandırmır, ancaq yenə də burada düşünüləsi məsələlər var. Əgər siz qadınınızı hər gün "sevgi yeməyi" və "sevgi qəlyanaltısı" ilə təmin edərsinizsə, o, başqa kişi ilə "aclığını öldürməyə" cəhd etməz.


→ Kişilərə yeddi təklif

1. Ona təbrik açıqcası yazın
2. Ona məktub buraxın
3. Gün ərzində ona zəng edin
4. Başqa insanların yanında onu tərifləyin

5. Birgə planlar qurun
6. Onunla birlikdə mağazaya getməyi təklif edin
7. Onu təəccübləndirin

***
Qadının qarşılıqlı münasibətinin beş sirri


1. Qadınlar söhbət etməyi xoşlayırlar, çünki söhbət münasibət hissi oyadır.
2. Qadınlar fikir və hisslərini dilə gətirirlər.
3. Qadınlar təfsilatı ilə müzakirə etməyi xoşlayırlar.
4. Qadınlar söhbətdən gərginliyi aradan qaldırmaq üçün istifadə edirlər.
5. Qadınlar həyəcan və narahatlığı azaldırlar.




***

Qadın kişinin seks barədə nələri
bilməsini istəyir

Bir neçə il bundan əvvəl boşanmaq həddinə çatmış bir cütlük kömək üçün mənə müraciət etmişdi. Onları narahat edən əsas məsələ seks idi. Qadın əri ilə sekslə məşğul olmağa heç bir həvəsi olmadığını və onunla yaxınlıqdan zəhləsi getdiyini söylədi. Kişi isə əksinə, aralarında heç bir problemin olmadığını söyləyirdi. Qadın narazılığını incik tonla ifadə edir, o isə sanki onun nə demək istədiyini anlamırmış kimi təəccüblə ona baxırdı. Bir məsələdən əmin deyildim: kişi üçün bu məsələ ya maraqlı deyildi, ya da həqiqətən də o söhbətin nədən getdiyini anlamırdı.
Bir az keçdikdən sonra kişinin otaqdan çıxmasını istədim və arvadına müraciət etdim:
– İndi isə gəl problemin nə olduğunu qadın qadına açıq danışaq: nə baş verir, problem nədir?
– Sadəcə, onunla sevişmək xoşuma gəlmir, – o dedi. – Yataqda baş verənlərin heç biri mənim üçün xoş deyil. Yaşamaq istədiyimi yaşaya bilmirəm. Yaxşılığa doğru heç bir irəliləyiş yoxdur. Belə yaşamaq istəmirəm. Cavanam və xoşbəxt olmaq istəyirəm.
– Ərinizlə yaşadığınız seksdə nə xoşunuza gəlmir?
– Bunu sözlə ifadə etmək asan deyil, – qadın astaca dedi. – Sadəcə, mənə elə gəlir ki, bizdə heç nə düz deyil.
– Gəlin daha konkret danışaq və probleminizi aydınlaşdıraq, – mən təklif etdim. – Son dəfə nə vaxt sekslə məşğul olmusunuz?
– Cümə günü gecə...
– Baş verənləri bir mənə danışsanız...
– Yaxşı, – o razılaşdı. – Qızımızı təzəcə yatırıb, vanna otağında dişimi fırçalayırdım. Ərim mənə yaxınlaşdı və məni tutdu, möhkəmcə bütün bədəni ilə mənə sıxıldı. Mən düşündüm: "Deyəsən, o sekslə məşğul olmaq istəyir". Sonra o boynumdan öpməyə və daha da ehtiraslanmağa başladı. O məni yataq otağına gətirdi və bütün paltarımı çıxardı. O mənə toxunur və tədricən o, daha da qızışır və müxtəlif seksi səslər çıxarırdı. Onun nə istədiyini bilirdim və düşündüm: "Heç olmasa tez qurtarsın". Həmin an o mənimlə cinsi əlaqəyə girdi, biz yaxın olduq, o qurtardı və hər şey bitdi.
– Yaxşı, – mən dedim. – İndi isə on ballıq cədvələ görə bu təcrübəni qiymətləndirin.
Qadın bir dəqiqəlik düşündü və dedi:
– Məncə, üç bal.
Mən fikirləşdim: "Həqiqətən də onun dedikləri ancaq üçə çəkir", – ancaq bu fikrimi söyləmədim.
Ərini çağırmaq vaxtı gəldi. O içəri daxil oldu, mən dedim:
– Siz artıq arvadınızın sizin seksual həyatınızdan məmnun olmadığını bilirsiniz.
– O mənə söyləyib, – etiraf etdi. – Ancaq mən problemin nədə olduğunu bilmirəm. Ondan soruşanda, ağıllı-başlı bir şey izah edə bilmir.
– Siz arvadınızla olan seksual münasibətinizi necə qiymətləndirirsiniz? – soruşdum.
– Mən tamamilə xoşbəxtəm, – kişi gülümsədi. – Yalnız bunun onun da xoşuna gəlməsini istəyirəm.
"Necə maraqlıdır, – mən fikirləşdim. – Arvadının seksdən zəhləsi gedir, kişi isə tamamilə xoşbəxtdir? Deyəsən, nəyisə gözdən qaçırmışam". Belə olduqda daha konkret olmağa qərar verdim.
– Arvadınız son dəfə cümə günü axşam sekslə məşğul olduğunuzu söylədi...
– Doğrudur.
– Həmin axşamkı seksi on ballıq cədvələ görə qiymətləndirə bilərsiniz?
– Əlbəttə, bilərəm, – o dərhal razılaşdı. – mən doqquz verərdim.
Onun sözlərini eşidən qadın möhkəm qızardı.
– Doqquzmu? – arvadı yenidən soruşdu. – Güclə üçə çatardın! İndi məni başa düşərsiniz, Barbara.
Onun əri tamamilə pərt görünürdü və sözünün üstündə inadla dururdu.
Nə baş verib? Deyəsən onların hər ikisi fərqli işlə məşğul olublar. Heç nə anlamırdım, odur ki, kişi ilə daha ətraflı danışmağa qərar verdim.
– Baş verənləri mənə təsvir edin, – ona dedim. – Niyə doqquz balın ən uyğun qiymət olduğunu düşünürsünüz?
– Arvadım vanna otağında durub, dişini fırçalayırdı. O, təzəcə qızımızı yatırmışdı. Onu vanna otağında gördüm və həmin an həyəcanlanmağa başladım. Məndə sekslə məşğul olmaq istəyi yarandı, odur ki, onun boynundan öpməyə başladım. Sonra biz yataq otağına keçdik və mən onu soyundurdum. Sonra mən ona toxundum, məncə, siz bunu prelüdiya adlandırırsınız. Bir neçə müddətdən sonra onunla cinsi əlaqədə oldum. Tezliklə hər şey bitdi. Bu da son. Bu, möhtəşəm idi – doqquz bala layiq.
Bu kişiyə qulaq asır və onun həqiqətən arvadını sevdiyini və onunla sekslə məşğul olmağı xoşladığını anladım. O mənə mehriban, səmimi adam təsiri bağışladı, ancaq nəyisə qaçırdığımı anlayırdım. Qəfildən ağlıma bir fikir gəldi. Kişiyə dedim:
– "Bunu etdim, orasına toxundum, burasından öpdüm" deyənəcən mənə seks prosesinin başlanğıcından sonuna kimi nə düşündüyünüzü və hiss etdiyinizi söyləyə bilərsiniz?
O bir dəqiqə düşündü və dedi:
– Olar, cəhd edim. Vanna otağında durub, arvadıma baxırdım. Düşünürəm ki, qızımızla gözəl davrandı – bir neçə dəqiqə içində qızımızı yatırda bildi. Sonra bizim qeydimizə qalmağın elə də asan olmadığını düşündüm. Həmin an elə bir sevgi yüksəlişi hiss etdim, ona yaxınlaşdım və qucaqladım.
Arvadına baxdım və onun çox diqqətlə ərinə qulaq asdığını gördüm.
– Davam edin, – söylədim.
– Sonra onu qucaqladım və boynundan öpdüm. Elə gözəl qoxuyurdu, saçları ipək kimi idi – onun saçları həmişə xoşuma gəlib. Və mən öz-özümə dedim: "O, çox gözəldir". Və həmin an mən qızışdım.
Arvadına nəzər salanda onun kövrəldiyini gördüm və bu məni təəccübləndirdi.
– Onu yataq otağına apardım və sığallamağa başladım. Arvadım dünyada ən zərif dəriyə malikdir. Dərisi məxmər kimi yumşaqdır. Arvadım olduqca zərif və seksualdır. O məni həmişə yaxşı mənada dəli edib. Ona toxunanda, demək olar ki, "əridiyimi" hiss etdim. Hər çəkdiyim sığal məni daha da ehtiraslandırırdı.
Bu sözləri eşidən arvadı dəsmalını çıxardı, göz yaşını sildi.
– Sonra onu soyundurdum, bədənini gördüm və düşündüm: "İlahi, o necə də gözəldir! Bu dünyada onunla heç kim müqayisə edilə bilməz!" Və mən onunla mümkün olan qədər yaxın olmaq istədim. Mən onunla birləşmək istədim!
Onun arvadı artıq özünü saxlaya bilmirdi. O, divandan qalxdı, onu qucaqladı və qışqırdı:
– Bu ona layiqdir! Əsl ona!
Bu anı heç vaxt unutmaram. Gənc cütlük yenidən bir-birini kəşf etdi. Bax onda hər şey mənə aydın oldu. Bu kişi həqiqətən də arvadını sevirdi, ancaq onunla seks yaşayarkən heç vaxt qəlbində baş verənlər barədə danışmırdı – sadəcə, onun bədənini əzizləyirdi. Arvadı onun belə sevgi və yaxınlıq hiss etdiyini bilmirdi, ona elə gəlirdi ki, əri yalnız seks yaşamaq istəyir və bu onu ərindən üz çevirməyə vadar edirdi. Qadın ərinin hissləri barədə dediklərini eşidəndə, sözlər onun ürəyinə toxundu. Ərinin, sadəcə, onunla seks deyil, əsl sevgi yaşadığını başa düşdü. Elə bu səbəbdən də ona on bal verdi.


Sevişəndə on balı necə qazanmaq olar? Ən əsası – sevməkdir. Ən əsası-yaxınlıqdır. Ən əsası partnyorların ürəyi arasında əlaqədir. Elə bu səbəbdən də kişi seksual həyatından məmnun idi – o, sevgini hiss edirdi, ancaq yaşadığı hisslərini, sadəcə, arvadı ilə bölüşməyə cəhd etməmişdi. Elə bu səbəbdən də arvadı ona münasibətində doğru olmayan məqamı izah etməyin yolunu bilmirdi. O da seksi xoşlayırdı, ancaq o, sevgi ilə məşğul olduqlarını hiss etmirdi. Ərindən nə istədiyini, seksual həyatı dəyişməyin lazım olduğunu izah edə bilmirdi.

Əla sevgili olmaq üçün siz yalnız bədənlə deyil, həm də partnyorun ürəyi ilə sevişməyi öyrənməlisiniz. Hiss etdiyiniz sevgini sözlərə tökməli, baxışlarla, toxunma və öpüşlə, etdiyiniz hər hərəkətlə ifadə etməlisiniz. Yalnız onda partnyor təkcə onun bədənini deyil, onun qəlbini də sevdiyinizi hiss edəcək.

Elə bu səbəbdən seksi həm də "sevgi ilə məşğul olmaq" adlandırırlar. Siz maksimum intim yaxınlıqda olanda, bir-birinizlə birləşəndə, əsl sevgi ilə məşğul olursunuz. Və bu sevgi bütün həyatınızı sevinc, xoşbəxtlik və məzmunla doldurur.

Qeyd: Əsər "Qanun" nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru Elçin Zahiroğludur. Kitabı əldə etmək istəyənlər "Qanun"a müraciət etsinlər.

Əvvəki hissəni BURADAN oxuya bilərsiniz.

(Ardı var)
Bağla X