Bu gün Azərbaycanın görkəmli şairlərindən biri Salam Sarvanın 50 yaşı tamam olur. Yublyar Azərbaycan ədəbi mühitində necə xatırlanır? Bu gün Azərbaycanın görkəmli şairlərindən biri Salam Sarvanın 50 yaşı tamam olur. Yublyar Azərbaycan ədəbi mühitində necə xatırlanır?

“Onunla bir 50 il də darıxmağa hazıram” - Salamın 50 illiyinə

Bu gün Azərbaycanın görkəmli şairlərindən biri Salam Sarvanın 50 yaşı tamam olur. Yublyar Azərbaycan ədəbi mühitində necə xatırlanır?


AzNews.az bununla bağlı ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğunu təqdim edir.

Şair Qəşəm Nəcəfzadə:



"Salam Sarvan 1990-cı illərin sonunda mərhələ yaratmış və bir çoxlarının yaradıcılığına təsir göstərən şairdir. Ədəbiyyatda yeni bir dəsti-xəttin əsasını qoyub. Onu bir şair kimi çox istəyirik. Salam oxucular tərəfindən də sevilən şairdir. Ancaq bununla belə Salam həm də orijinallığının əzabını çəkir. Onun bədxahları çoxdur. Onu sevənlər nə qədərdirsə, bədxahları da bir o qədərdir. Salamı gözügötürməyənlər, onun adını qılınclayanlar həmişə var. Gözəllik olan yerdə ona qarşı tuşlanan qərəzli baxışlar da olur. Bəzən deyirlər ki, Salam yazmır. Mən həmişə belə şəxslərin ağzının üstündən vurmuşam. Sərbəst şeirləri ilə bu gün var və davam edir. Bəzən deyirlər ki, Salam əvvəlki kimi dəli-dolu olsaydı, şeirləri daha diqqətdə olardı. Onlar bilmir ki, dəli-dolu şeirlər getdikcə yaşa dolur, ağıllanır. Salam da şeirləri kimi yaşad olub kamilləşib. Ramiz Rövşənin başqa bir tərəfinə bənzəməyən Vaqif Bayatılı, Vaqif Bayatılıya da bənzəməyən Salam Sarvan gəldi. Bu adamlar Salamı qılınclayırlar, yamsılayırlar. Bəzən imitasiya elədiklərini qamçılayırlar ki, onların bu nöqsanını görən olmasın. Salamı təbrik edirəm".

Yazıçı Nəriman Əbdülrəhmanlı:



"Salam Sarvan həmişə sözlə yaşayan, daim sözdən ötrü darıxan özünəməxsus söz adamı kimi yaddaşlarda qalıb. İstərdim ki, elə bu cür də qalsın. Əlli yaş şair üçün əsl müdriklik çağıdı. Təbrik eləyirəm, daha gözəl günlər arzulayıram".

Şair Aqşin Yenisey:



"Salam bizim ədəbiyyatımız üçün qiymətli şairdir. Ədəbiyyata özündən sonra gələnlərin mütləq ayaq saxlayacağı dayanacaqlardan biridir. Mənə gəlincə, Salam mənə şairdən çox, bir dost kimi daha yaxındır. Çünki dost kimi yaşadığımız dünya eyni olsa da, şair kimi yazdığımız dünya çox fərqlidir. Amma Salamın şair dünyası həmişə maraqlı olacaq ora üz tutanlar üçün. 50 yaşını təbrik edirəm şairimizin və ona öz misrasını arzu şəklində yollayıram ki, həyatda heç vaxt yıxılmağa qorxduğu yerdən tutmasın".

Yazıçı Pərviz Cəbrayıl:



"Salamın 50 yaşının 32-sinə bir qardaş, dost, həmkar kimi şərik olmuşam. Bəlkə yeganə dostdu ki, bu qədər zamanda aramızda bir dəfə də olsun inciklik, küsülülük, münaqişə, mübahisə olmayıb. Kefimiz yaxşı olub, bir-birimizi axtarmışıq. Darıxmışıq, bir-birimizi axtarmışıq və bir yerdə daha qəşəng darıxmışıq. Onunla bundan belə bir 50 il də darıxmağa hazıram. Qəribədi ki, eyni gündə mən atamı, o ata əvəzi anasını itirib və belə demək olarsa, biz iki qardaş kimi bir talenin altında atasız-anasız qalmışıq. Belə bir söz var: "Allah elə bir daş yarada bilərmi ki, özü də onu qaldıra bilməsin". Dissident rus-sovet yazıçılarından adını unutduğum biri məhkəmədə hakimin verdiyi bu suala belə cavab verib: "İnsan!" İndi mən özümdən soruşuram: "Salamın yazdığı elə bir misra varmı ki, onu özü də yaza bilməsin? Cavabım belə olur: "Bütün misraları!"



Biz də AzNews.az olaraq təbriklərə qoşulruq və onun bir neçə şeirini oxuculara təqdim edirik:

BAŞIMDA O QARADƏRİLİ QIZIN SEVDASI

Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan.
Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
"İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?"

Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində:
əlimiz çatan qadın yarımız deyil,
ayağımız çatan torpaq yerimiz deyil!
Mən bu tənhalığı daha yaxşı anlayıram
fikrimdə o qaradərili qızın
uzun, qara barmaqlarını hördükcə.

Gündüz Günəşi, gecə Ayı
göy üzündə qərib ada şəklində gördükcə...

Öz zəncirimə hürdükcə.

Mən bu tənhalığı daha yaxşı anlayıram
o qaradərili qızı isladan yağışların
sahilində gəzdiyim bu dənizin buxarından
yarandığını bildikcə.

Darıxıram-içirəm, içirəm-darıxıram.
Başımda o qaradərili qızın sevdası,
içimdə mühacirət arzusu –
neçə vaxtdı ki, başımı aşağı salb
Yerin fırlanmağına baxıram.


YORULUB VURULDUN MƏNƏ

Mən bilirəm necə oldu
ki sən mənə vuruldun.
Bilirəm bu sevgi deyil,
sadəcə, sən ömründəki
sevgilərdən yoruldun.

Sənə heyran neçə gözdən
baxışlardan yoruldun.
Sənə heç vaxt baxmayacaq
bir adama vuruldun.

Yorulub vuruldun mənə
ki, bir az dincələsən
Ömrünün bundan sonrasın
sevgidən, qayğıdan uzaq
sürüb, rahat öləsən.

Səni sevməyəcəyimi
bilib rahat olasan.
Mən hey ağlatdıqca səni,
gülüb rahat olasan.

Bilirəm bu, sevgi deyil,
bu, nifrətdi bəlkə də.
Bilirsən bu, nifrət deyil,
məhəbbətdi bəlkə də.

Bilirsən ki, heç vaxt mənə
çatmayacaq əllərin.
Amma elə dincələcək
bundan sonra ev süpürüb,
qab yuyacaq əllərin.


GETMƏK LAZIMDI, ŞAİR
(Aqşin Yeniseyə məktub)

1.
Kim idik?
Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.
Öz oyuncaqlarımızı da özümüz düzəltdik –
taxtadan tapança, məftildən araba...
İndi kimik?
Təkadamlıq xaraba!
Çəkimiz gül çəkisidi, boyumuz kol boyu.
Getmək lazımdı, şair:
buranin adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.

2.
Həyatı hər gün yenidən başlamaq istəyimizi
hər səhər yuxudan gec ayılmaq öldürdü,
mühacirat arzularımızı təyyarədə uçmaq qorxusu.
İlk dəfə qız sevdiyimzi
ayaqqabımzı ilk dəfə yumağdan bildik...
Analarımızın südü qurumuş inəyi
it kimi saxladığını uzaqdan bildik.
Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı...
Güzgüdəki əksimizin pəncərəyə baxdığını duymadıq.
Getmək lazımdı, şair:
Buranın adamları özlərini şəkilçilərə çevirdilər –
"pinəçi", "solçu", "qalatasaraylı", "nurçu"...
Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş
bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.

3.
Amma hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?

4.
"İşıq pulu" bildirişlərinin qapımıza
qara kağızlar kimi gəldiyi bir zamanda
sənə bir vəsiyyətim var...
Bu azad dünyanın qurulmasında
qul əməyini də unutma...
Hər gün darıxmaq öz yerində,
gündə üç dəfə yeməyini də unutma...
Unutma ki,
buranın adamları adama etdikləri
yaxşılığın qisasını mütləq alırlar...

5.
Getmək lazımdı, şair.
Dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı.


SALAM, AY "NATƏVAN"

Danışıqlarımız havanın,
baxışlarımız tavanın yaddaşındaykən
indi məni düşündürür
bir sərxoşun bir şüşəlik,
bir ağacın bir meşəlik susması...
Novruzda küsülülər barışarsa, barışsın.
Amma belə də yaxşıydı axı:
iki adamın bir-birinə qarşı
həmişəlik susması.

Salam, ay "Natəvan".
Gözlərimi qarnına dikib
mışıl-mışıl susmaq istəyirəm
bir körpə yuxusutək.

Heç kim heç kimi eşitmir onsuz da,
adamlar bir-birinə qulaq asır
dinləmə qurğusutək.

Bir gözünü qıyıb şəklimi çəkən fotoqraf da
sanki qapının açar deşiyindən baxır mənə.
Biri maşının yan güzgüsündən güdür,
biri boynunun ardından baxır.

Biri sırğasından qulaq asır mənə,
biri saatından baxır...
Hamı xalqın adından dinləyir,
hamı xalqın adından baxır.

Polis də izləyir, vətəndaş da,
Bacı da izləyir, qardaş da.
Bu kameraların arasında
həmişə gözü üstümdə olan
bir qayğıkeş qadın da baxır.

Gizlənirəm, gizlənirəm,
yenə də izlənirəm...
Əlli ildi çəkirəm bu zülümü...
Mənim dərdim böyükdü, "Natəvan":
uşaq vaxtı əlimdən tutub itməyə qoymayanlar
hələ də buraxmayıblar əlimi.

Balam, ay "Natəvan".
Bu daşdan yonulmuş heykəlləri də
elə-belə qoymayıblar küçələrdə:
onlar da məni güdməkçündü
adamların evlərinə çəkildiyi gecələrdə.

Oxucunun da izləyiciyə çevrildiyi bu zamanda
Atmaq istərdim yazmağın da daşını.
Kişi kimi gizlətmək istərdim ömrümü,
necə ki qadınlar gizlədər yaşını...

"Yazmaq" deməyimə baxma:
əslində, heykəllərin önündəki əklillərin lentlərinə də,
bağışladığımız suvenirlərin üstünə də,
ölənlərimizin qəbir daşlarına da
yazını başqasına yazdırdıq.

Hətta "ana" kəlməsini də qolumuza başqası döydü.
Özümüz nə yazdıq ki?!
Mənim dərdim böyükdü, "Natəvan":
son nəfəsimdə heyifsələnəcəm:
bütün ömrü göz qabağında yaşadıq –
nə itdik ki, nə azdıq ki?!

Sənə demişdim axı bu haqda:
kağızda üstünü qələmlə qaralayıb pozduğumuz söz
daha gözə görünməsə də,
qaralama altında yenə də qalmaqda.
Başını yelləmişdin onda:
ki, "Nərgiz" üstündən "Natəvan" yazmaqla
"Nərgiz" pozulmaz, sadəcə, görünməz olar.

Və qara-qura düşər, çətin oxunar "Natəvan" da.
Bu dünyada hər şey fitrətdə belədi:
sevgi üstünə sevmək də,
vətən üstünə mühacirət də belədi.

Bahar RÜSTƏMLİ
AzNews.az