20:56
(077) 610-22-33

Film Festivalının qalibləri məlum olub – FOTOSESSİYA

  • >
759 1 Dekabr 2012 08:55 | Mədəniyyət

AzNews.az xəbər verir ki, Bakıda 28-30 noyabrda gerçəkləşən VIII "START" Gənclərin Beynəlxalq Film Festivalı təmtəraqlı mərasimlə başa çatıb. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, eləcə də "Cinema" Gənc Kinomatoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində gerçəkləşib.

Festivala bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorus olmaqla ümumilikdə 20 ölkədən 250-dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 filmi daxil edib.

"START" Gənclərin Beynəlxalq Film Festivalının prezidenti Fehruz Şamıyev bildirib ki, kinoforumun məqsədi kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğı və diqqətini artırmaq, onları həvəsləndirmək və müvafiq sahə üzrə dünyada baş verən proseslərlə tanış etməkdir: "Bununla yanaşı, festival yerli tələbə rejissorların əcnəbi həmkarları ilə əlaqə qurmalarının başlanğıc nöqtəsidir".

Bu il festivalın daha çətin keçdiyini bildirən F.Şamıyev bunu tədbirin əhatə dairəsinin genişlənməsi, qatılan ölkələrin və göndərilən filmlərin çoxluğu ilə əlaqələndirib: "Qaliblərin müəyyənləşdirilməsində jüri üzvləri çox gərgin müzakirələr apardılar. Sonda VIII "START"ın qalibləri müəyyənləşdi".

Festivalın beynəlxalq münsiflər heyətinə sədrlik edən Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivaldan bol enerji aldığını bildirib: "Nə qədər ki, gənclərin festivalı olacaq, orada yalnız münsiflər heyətinin sədri kimi deyil, adi üzvü kimi belə iştirak etməyə hazıram. Qaliblərin seçilməsi çox məsuliyyətli prosesdir. Festival olduqca maraqlı keçib və buna görə təşkilatçılara, münsiflər heyətinin üzvlərinə və iştirakçılara minnətdaram. Münsiflər heyəti filmlərə incəliklə baxdı. Səmimi deyirəm, mən hər bir filmlə yaşadım. Çünki çox şux, yaradıcı atmosfer hökm sürürdü. Filmlərdə çox maraqlı mövzular və onların bədii həlli hiss olunurdu. Gənclərin həqiqətən potensialları çoxdur. Bütün iştirakçılara minnətdaram. Sizinlə gəncləşdim".
Festival çərçivəsində maraqlı yerli filmlər izlədiyini bildirən münsiflər heyətinin üzvü rejissor Elxan Cəfərov "START"ın gələcək illərdə əhatə dairəsinin daha da genişlənəcəyinə əminliyini qeyd edib.

Müsabiqənin qalibləri :

"Ən yaxşı bədii film"- Türkiyə - ""Hekayə həyatdan götürülüb" rej. Kerem Keskin
"Ən yaxşı sənədli film"- Almaniya – "Müharibədən əvvəl" rej. Jaried Katsiane
"Ən yaxşı cizgi filmi"- İran – "Oyun" rej. Cəmal Rəhməti
"Ən yaxşı eksperimental film"- Rusiya "Ölüm rəqsi"
"Ən yaxşı film- Qran Pri"- Jüri heç bir filmi bu mükafata layiq görməyib
"Yerli" müsabiqə proqramının qalibləri:
"Ən yaxşı bədii film"- Ər Toğrul Kamalov "Ömürlük əsir"
"Ən yaxşı eksperimental film"- Emin Pənah "Motivasiya"

Qeyd edək ki, qaliblərdən başqa "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi iki filmə xüsusi mükafat təqdim edib.

"Yerli" müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti - kinorejissor Elxan Cəfərov, İlqar Safat və "New Baku Post" qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. "Beynəlxalq" müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçib.

Qeyd edək ki, bu il festivalın tarixində ilk dəfə olaraq beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olub. Bu da səbəbsiz deyil. Çünki VIII "START" Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunub. Şəfiqə Məmmədovanın sədrlik etdiyi beynəlxalq münsiflər heyətində iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert- jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger də təmsil olunub.

Fuad Mədətov
AzNews.az
Bağla X