YUNESKO-nun növbəti sessiyası Bakıda keçiriləcək

Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Sessiyanın sonunda komitəyə növbəti ev sahibliyi edəcək ölkənin və sessiyanın sədrinin təyin olunması nəzərdə tutulub.

Aparılmış müzakirələr nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 8-ci sessiyaya Azərbaycan sədrlik edəcək. Çin, Yunanıstan, Burkino-Faso, Braziliya və Misir isə komitə sədrinin müavinləri seçiliblər.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Hökuməti adından çıxış edərək, YUNESKO Katibliyinə və Komitə üzvlərinə ölkəmizin ev sahibliyi təklifini dəstəklədikləri üçün təşəkkür edib. Çıxışdan sonra isə Azərbaycan haqqında film nümayiş etdirilib.

Bahar Rüstəmli
AzNews.az