05:31
(077) 610-22-33

“Məmurlar dəhşətdir” - MÜSAHİBƏ

  • >
2 527 10 Dekabr 2012 14:15 | Mədəniyyət

“Elə məmur var ki, latın qrafikasında qəzeti oxuya bilmir”


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəllinin AzNews.az-a müsahibəsi:

- Fəxrədiin müəllim, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı hazırda iş nə yerdədir?

- Bilirsiniz ki, professor Kamal Abdullanın rəhbərliyi altında 6 bölmə üzrə işçi qrupu 2 ay ərzində təklifləri dinlədi. Sənədin geniş ictimai müzakirəsi aparıldı. Təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə göndərildi. Nazirlər Kabineti həmin sənədi nəzərdən keçirməlidir, ola bilsin ki, yeni təkliflər səsləndiriləcək.

- Maraqlıdır, indiyə qədər heç bir dövlət proqramı layihəsinin müzakirəsi belə geniş şəkildə müzakirə edilməmişdi. Buna səbəb nə oldu?

- Burada 2 məqam var. Birincisi dil bütün xalqın malıdır, hər kəsin mənafeyinə, marağına toxunan məsələdir. İkincisi isə Kamal Abdullanın təşəbbüskar olması ilə bağlıdır. Mən bunu qarşıdan seçkilərin gəldiyinə görə (Söhbət AMEA-nın Dilçilik İnstitutu da daxil olmaqla 4 instituta direktor seçkilərinin keçirilməsindən gedir- E.Ə). Kamal Abdullaya yarınmaq üçün demirəm. Kamal Abdulla ideya generatorudur, gördüyü işi həmişə yüksək səviyyədə görməyə çalışır. Slavyan Universitetinə baxın, nə vəziyyətdə idi. İndi ölkədəki bütün universitetlər arasında bəlkə də birincidir. Bu iki cəhətə görə Dövlət Proqramının geniş ictimai müzakirəsi aparıldı. Ortaya elə sənəd qoymaq istədik ki hamının ürəyincə olsun. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hətta market müdirləri gəldi. Çünki reklamla bağlı sənəddə məqamlar var. Azərbaycan dili həmişə diqqət mərkəzindədir. İlk dəfə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərancam verildi. 2 milyon manat vəsait ayrıldı.

- Bəs niyə ikinci Dəmirçizadə, Yusif Seyidov, Ağamusa Axundov yetişmir? İstedad yoxdur, yoxsa buna təhsil səviyyəsi imkan vermir?

- İnstitutumuz 3 cilddə "Azərbaycan dilçilik tarixi" müntəxəbatını hazırlayır. Bütün tədqiqatlar yığcam şəkildə orada əksini tapacaq. "Azərbaycan dilinin fundamental qrammatikası" yazılır. 4 cild nəzərdə tutulur. Ayrılan vəsait əsasında sifarişlər veriləcək, alimlərə müəyyən müddət vaxt veriləcək və yazılar müzakirəyə çıxarılacaq. Bundan başqa "Azərbaycan dilçiliyinin tarixi" yazılacaq. 2 cild də Azərbaycan və rus dilində olacaq ki, dünya onları tanısın. Dünya dilçiliyinin korifeylərini Azərbaycan dilinə tərcümə və çap etdirməık də planlarımıza daxildir. Dünya dilçiliyində baş verənlər öyrənilməlidir. Sualın ikinci tərəfinə gəldikdə isə, mən deməzdim ki, Dəmirçizadələr, Tofiq Hacıyev, Yusif Seyidov indi yetişmir. İndi informasiya əsridir. Dəmirçizadənin 1947-ci ildə bir məqaləsi çap edilirdi, hamı onu oxuyurdu. İndi informasiya mənbələri çoxalıb, müxtəliflik çoxdur. Onların hamısını izləmək mümkün olmur. Amma bir az səbr etmək lazımdır, ikinci, üçüncü Dəmirçizadə yetişəcək. Müəyyən dərəcədə oyanış var. Elmə maddi ayırmalar kifayət qədər deyil, azdır. İnstitutda 150-yə yaxın əməkdaş çalışır, əmək haqları çox aşağı səviyyədədir. Gənc, istedadlı bir adamı işə götürmək istəyirəm, amma maraqlanır, maaşa baxır, imtina edib çıxıb gedir. Təsəvvür edin ki, aspiranturaya yer ayrılıb, sənəd verən, oxumaq istəyən yoxdur. Çünki maaş aşağıdır, dolanışıq məsələsi var. Vaxtilə belə idi ki, ev verirdilər, təminat vardı. Yaxşı maaş alırdı. İndi bunlar yoxdur. Amma hər halda fədakar alimlərimiz var. Onların yetişdirmələri içində ikinci Dəmirçizadə, Axundovlar da olacaq. Məm əminəm.

- Əlifba ilə bağlı bəzi təklifləriniz vardı. Yəqin ki, çox reaksiyalar gəldi.

- Mən bundan qorxan adam deyiləm. Sadəcə dedim ki, bu problem elmi cəhətdən müzakirə edilməli və sonradan qərar qəbul edilməlidir.

- Səsinizə səs verən dilçilər oldumu?

- Çox oldu. Hətta Akademiyanın prezidenti Mahmud Kərimov mənim fikrimə şərik çıxdı. Məsələ elmi cəhətdən elə qoyulmalıdır ki, müzakirəsi aparılsın. Bəziləri psevdoqəhrəmanlıq etmək istəyir. Bu elmdir, əlifba elm sahəsidir. Dünyada proseslərin içində olmaq istəyiriksə mütləq bununla uyğunlaşmalıyıq. Bu isə əlifbadan keçir. Çünki savad, təhsil, elm sivilizasiyanın gələcək inkişafını müəyyən edən sahələrdir. Bizim də
əlifbamızda çatışmazlıqlar var. Həm işarələrin düzülüşü, həm işarələrin verilməsi, həm də latın qrafikasına yad olan işarələr baxımından. Hər gün klaviatura qarşısında oturursunuz, "ə" saiti bir tərəfdədir, "a" saiti isə başqa tərəfdə. Onlar ən çox işlənən işarələrdir, ortada olmalıdır. Latında "ə" işarəsi yoxdur. Yaxud "ç" hərfinin 4-cü yerdə durmasına heç bir əlifbada rast gəlinmir. Sıralanmada problemlər var.

- Dil polisinin yaradılması təklifinə münasibətiniz necədir?

- Vaxtilə Kanadada Xalq Partiyası bunu sınaqdan keçirib. Fransız dilinin bərqərar olması üçün proqramda dil polisinin yaradılması nəzərdə tutulurdu. Bu 5 il ərzində oldu, amma özünü doğrultmadı. Biz təklif edirik ki, dilin işlənməsinə nəzarət olsun. Mətbuatın dilində uzlaşma yoxa çıxıb. Bu türk mətbuatını yamsılamadır. Bizdə bu xasiyyət var axı. Dilin işlənməsində böyük dolaşıqlıq, yayınmalar var. Vahid nəzarət mexanizmi olmalıdır. Təklif edirik ki, Dilçilik İnstitutunda "Azərbaycan dili və cəmiyyət" adlı monitorinq qrupu yaradılsın.

- Etiraf etmək lazımdır ki, insanların örnək obyekti olanlar məsələn, məmurların, şou-biznes nümayəndələrinin dilində kifayət qədər qüsurlar var.

- Məmurlar dəhşətdir. Məmurların hələ yazısını demirəm. Eləsi var ki, hələ də kirilcə yazır. Latın əlifbasında yaza bilmir. Elə məmur var ki, latın qrafikasında qəzeti oxuya bilmir.

- Onlar zamanın öhdəsinə buraxılacaq?

- Əlbəttə yox. Monitorinq qrupunun çox ciddi səlahiyyətləri olacaq. Proqram təsdiqlənəcəyi halda müəyyən sertifikatlar verəcək. Mən bu yaxınlarda Polşada bir məsələnin şahidi oldum. 20 yaşına qədərki gənclərin heç biri rus dilində danışmaq istəmir. 20 yaşdan yuxarı hamı rus dilində danışır. Bu keçmişdən qalan məqamdır. Bizdə də yaşlı nəsil getdi. Gənclərə diqqətimizi yönəltməliyik ki, onlarda dil sapmaları olmasın. Hər bir azərbaycanlı öz dili ilə fəxr etməli, saf, təmiz danışmalıdır. Düzdür, Konstitusiyada elə bir maddə yoxdur ki, səhv danışanı cərimələyək. Proqramda "qaynar xətt" xidmətinin yaradılması təklif olunmuşdu. Kim nə səhv eşitsə dərhal zəng etsin və reaksiya bildirilsin.

- Yəni heç olmasa "qaynar xətt"ə düşməmək xatirinə səhv etməyə çalışmazlar.

-Dünyada proseslər gedir və biz də bu proseslərlə uyğunlaşmalıyıq. Gənc bilir ki, təkcə Azərbaycan dili ilə dünyaya çıxa bilməyəcək. Özünə çörək, nüfuz, karyera qazana bilməyəcək. Ona görə də istər-istəməz ingilisə, rusa meyl edir. Azərbaycan cəmiyyətində dil üzrə parçalanmanın necə getdiyini müşahidə edəndə görürük ki, xeyli qollar var. Burada birinci iqtisadi amildir. Dilin yayılması, dərinləşməsi, işlənməsi ilk növbədə iqtisadi amillə bağlıdır. Varlı xalqların nümayəndələri gəlib təkcə imperiya yaradıb, siyasi cəhətdən zəbt etmirlər. Onların istehsalı cazibə kimi özünə çəkir.

- Məktəblərdə Azərbaycan dilinin tədrisi vəziyyəti sizi qane edirmi?

- Proqramdakı bölmələrdən biri Azərbaycan dilinin təhsil müəssisələrində işlənməsi ilə bağlıdır. Uşaq bağçalarından tutmuş akademiyalara qədər əhatə edir. Auditoriyalarda xeyli sayda nöqsanlar var. Azərbaycanda 4 nazirlik xalqla təmasdadır-Təhsil, Səhiyyə, Ədliyyə, Turizm Nazirlikləri. Onların nümayəndələrinin özlərini necə aparmasından çox şey asılıdır. Cəmiyyət onlardan nümunə götürür. Təhsil müəssisələrində kitabların dili, auditoriyalardakı vəziyyət baxımından çox mürəkkəbdir.

- Müşahidələr göstərir ki, son illərdə övladının rus bölməsində təhsil almasını istəyənlər çoxalıb.

- Bu da təbiidir. Çünki MDB ölkələri var, gənc fikirləşir ki, uzaq xaricə gedə bilmir. Gedir MDB ölkələrdində biznes qurur, iş tapır, ailəsini dolandırır. Bu da iqtisadi amillə bağlıdır.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X