Nizami Cəfərov: “Müğənnilər yazıçı və şairdən daha yaxşı yaşayırlar”

Əməkdar artist tituluna görə 35, xalq artistinə isə 55 manat müavinətin verilməsi sənət adamları arasında etiraza səbəb olub. Onların bəziləri mətbuata açıqlamasında titullara görə 300-500 manat müavinətin verilməsini təklif edib.

Milli Məclisin Mədəniyyət Komisiyasının sədri, millət vəkili Nizami Cəfərov AzNews.az-a açıqlamasında bunun dövlətin ümumi prinsipi olduğunu bildirdi: "Bu çox müzakirə olunan bir məsələdir. Əlbəttə, hər bir dövlət istəyər ki, öz şairi, yazıçısı, rəssamı, müğənnisi, bəstəkarını da yaxşı həyatla təmin eləsin. Bu dövlətimizin ümumi prinsipidir. Bunun üçün də çalışılır. İncəsənət xadimlərinə Prezident təqaüdü verilir, müxtəlif layihələrə cəlb olunurlar. Amma burada bir məsələ var. Tədricən sənətin və sənətkarın özü əsərləri, yaradıcılığı ilə pul qazanmalı, gəlir gətirməlidir. Yeni bir şərait əmələ gəlib. Vəziyyət dünyanın hər yerində belədir. Hər şeyi sona kimi dövlətdən gözləmək, bu mümkün deyil. Dövlətin imkanları genişdir, amma eyni zamanda problemləri də var. Cəmiyyət, xalq, təsərrüfat, qaçqınlar, məktəblər var. O cümlədən də sənət adamlarına köməklər olunur. Xalq və əməkdar artist titullarını daşıyan insanlara dövlət tərəfindən kiçicik də maliyyə ayrılması yaxşı bir haldır. Azlıqdan çoxluqdan danışmağa ehtiyac yoxdur. Yəni bu müavinətin müğənni üçün 35 deyil, 150 manat olmasının bir o qədər əhəmiyyəti yoxdur. Biz onu da bilirik ki, müğənnilərin qazanma imkanları kifayət qədər genişdir. Azərbaycanda bu saat ən çox təmin olunan təbəqə elə müğənnidir. Onlar yazıçı və şairdən daha yaxşı yaşayırlar. Bunların bazara çıxmaq imkanı daha genişdir. Ona görə də cəmiyyətimizdə az-çox sənəti ilə tanınan, müğənnilərin bu barədə hər hansı fikir söyləməsi düzgün deyil".

Bahar Rüstəmli
AzNews.az