12:33
(077) 610-22-33

"Biz Zeynəb xanımla Leyli və Məcnun idik"- Sənətkarlarımız Zeynəb Xanlarovanı təbrik etdi

  • >
11 089 28 Dekabr 2016 14:46 | Mədəniyyət

"Zeynəb Xanlarova mənim sonuncu Leylim olub".

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Canəli Əkbərov Zeynəb Xanlarovanın 80 illik yubileyi ilə bağlı təbrik fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, Zeynəb xanım gözəl sənətkar, dövlətinə və prezidentinə bağlı şəxsiyyətdir:

"Zeynəb xanım Azərbaycanı dünyada təmsil edib. Azərbaycan musiqisini dünyada tanıtdırıb. Evimin də qonağı olub. Qızımın yas mərasiminə gəlib. Aramızda böyük hörmət var. Dünən ona teleqram vurub orden almağı ilə bağlı təbrik elədim. "Heydər Əliyev" ordeni ilə təltif olunmaq bilirsiniz nə deməkdir?! Bu, sənətin zirvəsidir. Heydər Əliyev onu çox istəyirdi. Elə oldu ki, bu orden ona nəsib oldu. Zeynəb xanım bu ordenə layiq görülən yeganə sənətkardır."

Xalq artisti Arif Babayev uzun illər Zeynəb Xanlarova ilə eyni səhnəni bölüşdüyünü deyib: "Biz Zeynəb xanımla Leyli və Məcnun idik. Zeynəb xanım hərtərəfli sənətkardır. Zəhməti hədər getmədi. Dövlətimiz sağ olsun, onu "Heydər Əliyev" ordeni ilə qiymətləndirib. Bu sənət adamlarının hər birinin sevinci idi. Zeynəb xanım haqqında çox danışmaq olar. Əsas odur ki, Zeynəb xanım Azərbaycana məxsusdur. İkinci bir Zeynəbin yetişməsi sual altındadır. Hələ ki, bu Zeynəb var və onun qarşısına çıxan yoxdur. Həmişə səsi gəlsin, dünya səhnələrində konsert versin, xalqımızı sevindirsin."

Xalq artisti Siyavuş Kərimi: "Zeynəb xanım Xanlarovanı təbrik edib, can sağlığı arzulayıram. Prezident İlham Əliyev onu "Heydər Əliyev" ordeni ilə təltif edib. Bu ölkənin ən ali mükafatıdır. Mən buna görə də Zeynəb xanımı təbrik edirəm. Zeynəb xanım Azərbaycan mədəniyyətinin parlaq ulduzlarından biridir. Onun Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri və ifası var. İfa etdiyi bütün mahnılar xalq tərəfindən bu günə kimi sevilir və bundan sonra da seviləcək. Zeynəb xanım mənim yaxın dostumdur. Mən onu çox sevirəm. İstərdim ki, Zeynəb xanım bundan sonra 80 ildə yaşasın."

Xalq artisti Xuraman Qasımova: "Əzizimiz Zeynəb xanım, sizi ad gününüz münasibəti ilə təbrik edirəm. Bu gün sizin üçün ikiqat bayramdır. Nəhayət ki, çoxdan arzuladığınız böyük mükafata layiq görüldünüz. Sizi həm də buna görə bacım Fidan xanımla təbrik edib, bağırımıza basırıq. 2016-ci il kimi qarşıdan gələn bütün illər sizə beləcə sevinc bəxş etsin. Siz də xalqımızı öz sənətinizlə daima sevindirəsiniz".

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X