Beynəlxalq Mətbuat Mərkəzində "Xarı bülbül" layihəsi təqdim edilib. Beynəlxalq Mətbuat Mərkəzində "Xarı bülbül" layihəsi təqdim edilib.

Alim Qasımovun yeni dueti təqdim edildi- "Xarı bülbül"

Beynəlxalq Mətbuat Mərkəzində "Xarı bülbül" layihəsi təqdim edilib.

AzNews.az xəbər verir ki, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi Rübail Əzimovdur.

Tədbirdə onun müəllifi olduğu və Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımovla birgə ifa etdiyi "Xarı bülbül" mahnısına çəkilmiş klip təqdim olunub. Klipdə xəyali obrazlar kimi, Üzeyir Hacıbəylinin və Xurşudbanu Natəvanın düşmənə əsir düşməsi təsvir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun "Qarabağdır, Azərbaycan" filmindən fraqmentlərdən istifadə olunub. Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən məkanda lentə alınıb.

Layihənin rəhbəri R.Əzimov bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışıblar: "Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da, aranjıman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mübarizəsini əks olunub. Eyni zamanda, çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın".

Tədbir təşkilatçıları bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir töhfə verəcəklərinə ümid etdiklərini bildiriblər.

Təqdimat mərasimində tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.